AZ

Tərcüməşünaslıq tarix, ədəbiyyat, sosiologiya, həm də fəlsəfədir Loğman Rəşidzadə yazır

525.az saytına istinadən ain.az xəbər verir.

Loğman RƏŞİDZADƏ yazıçı-publisist

Ensiklopediya [yunanca enkyklios -"çevrə formalı"; paidel - "dərs", "bilik" ; - sorğu kitabı, insan biliyinin bütün sahələrini ardıcıl şəkildə və ətraflı əhatə edir] yaradıcılığı çox dərin elmi bilik, zəhmət, mükəmməl məlumat, erudisiya ilə yanaşı, səbr, təmkin, tükənməz hövsələ tələb edən sahədir. Çox böyük elmi səriştə ilə hasilə gələn bu iş həm də texniki səliqə, sistemli diqqət və dəqiq uçot işini birləşdirir. Odur ki, ensiklopediya yaradıcılığına girişən hər kəs profossional yaradıcılıqla yanaşı çox ciddi araşdırması, dəqiq qiymət verməyi bacaran ekspert, akademik biliyə malik sistemləşdirici filosof olmalıdır.

Azərbaycan dilində ilk fundamental soraq kitabı 1976-1987-ci illərdə kiril əlifbasıyla çap olunmuş 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasıdır. Bundan başqa, ayrı-ayrı sahələr üzrə Əziz Mirəhmədovun "Ədəbiyyatşünaslıq  Ensiklopedik lüğət", "Kitabi-Dədə Qorqud Ensiklopediyası" və s. nəşr edilmişdir.

Bunlar da artan elmi-bədii və tarixi tələbləri, heç də ödəməmişdir. Azərbaycan Dillər Universitetinin 2018-ci il nəşri olan "Azərbaycan Tərcümə Ensiklopediyası" ilk təşəbbüslərdən biri kimi akademik mühitdə yaranmış boşluğu doldurmaq mənasında səciyyəvidir.

Bu yaxınlarda Azərbaycan Dillər Universitetində "Azərbaycan                   Tərcümə Ensiklopediyası"nın ikinci təkmilləşdirilmiş nəşri işıq üzü görüb. Bu ensiklopediyanın maraqlı yaranma tarixi vardır. Qeyd edək ki, nəşrin ideya müəllifi Xalq yazıçısı, akademik Kamal Abdulladır. Kamal müəllim hələ Bakı Slavyan Universitetinin rektoru olarkən 2003-cü ildə onun təşəbbüsü ilə Tərcümə problemləri Elmi-Tədqiqat Laboratoriyası fəaliyyətə başlamışdır. Bu dövrdə az müddət ərzində dünya ədəbiyyatının öncül simalarının bədii nümunələri  orijinaldan sistemli və ardıcıl şəkildə Azərbaycan dilinə tərcümə olundu. Qısa müddətdə elmi- tədqiqat laboratoriyasında peşəkar mütərcimlər toplaşdı. Eyni zamanda, onların qarşısına "Azərbaycan Tərcümə Ensiklopediyasını" yaratmaq vəzifəsi qoyuldu. İlk gündən bu unikal nəşrin tərtibinə mükəmməl yaradıcı insanlar cəlb edildi. Beləliklə, tərcümə ensiklopediyasının yaradıcı əməkdaşları xeyli iş görmüş oldular. Məlumdur ki, ensiklopediya yaradıcılığı vaxt tələb edən sonsuz səy, diqqət, səbr, hövsələ ilə başa gələn uzun bir prosesdir. Bir müddət Kamal müəllim başqa işə keçməklə BSU-nun rektoru vəzifəsindən uzaqlaşdı. Lakin ensiklopediya üzərində aparılan iş səngimədi. Ən nəhayət, Kamal müəllim Azərbaycan Dillər Universitetinin rektoru təyin edildikdən sonra tərcümə ensiklopediyası 2018-ci ildə işıq üzü gördü.

Azərbaycanda sistematik olmasa da, tibbə, təbiətə və digər sahələrə aid ensiklopediyalar çap olunmuşdur. Unikal ideya kimi formalaşmış tərcümə ensiklopediyası həm Azərbaycan dilinə, həm də Azərbaycan dilindən olan tərcümələrin geniş spektrini əhatə edir. Kitabda çevirmənin əsasları, predmet və problemləri, Azərbaycan tərcümə tarixindən mühüm faktlar, nəzəri-qrammatik məsələlər, personalilər ehtiva edilir.

Bu fundamental kitabda tərcümə peşəsinin yaradıcılıq sferasına daxil olan bütün məqamlar diqqətlə incələnir. Kitab akademik Kamal Abdullanın "Əsl bilik xəzinəsi" adlı ön sözü ilə açılır. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi barədə sərəncamları yer alır. Kitab maraqlı bölmələrlə davam edir: "Tərcümə elm sahəsi kimi", "Tərcümənin nəzəri və praktiki prinsipləri", "Tərcümənin fəlsəfi əsasları", "Tərcüməşünaslığın predmeti və problematikası", "Azərbaycanda tərcümə ədəbiyyatının tarixi", "Personalilər", "Tərcümə terminləri lüğəti". Göründüyü kimi, tərcümə sahəsinin bütün elmi-praktik, bədii-fəlsəfi tərəfləri tədqiqat obyektinə cəlb edilmişdir.

"Əsl bilik xəzinəsi" adlı ön sözdə kitabın daşıdığı ideya yükü, elmi-praktik məqsədi, əhatə dairəsi, prinspləri və əhəmiyyəti barədə  aydın şərh verilir: "Kitabın təkcə tərcüməçilər və bu sahə ilə maraqlananlar üçün deyil, eyni zamanda filoloqlar və yazıçılar üçün də xüsusi intellektual faydası olacaq qənaətindəyəm. Gənc ədəbiyyatşünaslar, fikrimcə, ondan yetərincə faydalanacaqlar. Belə ki, ensiklopediyanın nəzəri və praktik hissələri, personalilər, yerinə yetirilən, yetirilməkdə olan elmi işlər üçün son dərəcə ciddi və möhkəm həm faktoloji həm də nəzəri bünövrədir".

Azərbaycan Dillər Universitetinin Elmi Şurasının 28 fevral 2018-ci il qərarı ilə nəşr olunmuş bu kitabın daha mükəmməl variantı 2022-ci ildə təkrar çap edilmişdir. Sanballı redaksiya heyəti kitabın ilk uğurundan soraq verir: Kamal Abdulla [baş redaktor], Anar, Leyla Əliyeva [məsul katib], Rövşən Əliyev,  Rüstəm Hacıyev [redaktor], İsa Həbibbəyli, Muxtar İmanov, Teymur Kərimli, Afaq Məsud, Azər Mustafazadə, Möhsün Nağısoylu, Tofiq Nağıyev. Rəyçilər: Cəlil Nağıyev [professor], Aydın Ələkbərov [professor], Lidiya Qranovskaya [professor], Etibar Əliyev [f.ü.f.d], Vaqif Nəsib. Göründüyü kimi, imzalar kifayət qədər tanınmış professional elm-sənət xadimləridir. Bütün bunlar toplunun uğuru üçün qarantıdır.

Kitabın ilk səhifələrindəcə Prezident İlham Əliyevin sərəncamı ilə işıq üzü görmüş "Dünya ədəbiyyat kitabxanası"na daxil olunmuş əsərlərin siyahısı dərc edilmişdir. Siyahı kifayət qədər zəngin və əhatəlidir. Oxucunu ilk səhifəsindən dünya ədəbiyyatına səyahətə aparan ensiklopediya bələdçilik missiyasını sona qədər uğurla yerinə yetirir. Sonrakı açıqlamalarda dünya ədəbiyyatının nümunələri haqqında məlumatlar verilir, onların ensiklopedik parametrləri barədə söz açılır. Maarifləndirici və informatik  xarakter daşıyan bu bilgilər, eyni zamanda akademik səviyyəsi ilə də seçilir.

Kitabın birinci hissəsi elmi-tədqiqat xarakterli məqalələrdən ibarətdir. Burada xalqın mədəni sərvətləri sırasında yer tutan ədəbi əsərlərin, milli-mənəvi varlığın əks olunmasını hədəf seçən, tarixi gerçəklikləri özündə yaşadan nümunələrin yaradıcı şəkildə ehtiva olunması diqqəti çəkir. Məqalələrin hər biri elmi dərinliyi, əhatə dairəsi, toxunduğu məsələlərin professional qiymətləndirilməsi, akademik səviyyəsi baxımından diqqətçəkəndir. "Əsl bilik xəzinəsi" [ Kamal Abdulla], "Tərcümə elm sahəsi kimi" [M.Nağısoylu, L.Əliyeva], "Tərcümənin nəzəri və praktik prinspləri" [R.Əliyev],  "Tərcümənin fəlsəfi əsaslarına dair" [A.Rüstəmova],  "Tərcüməşünaslığın predmet və problematikası" [A.Ələkbərli], "Azərbaycanda tərcümə ədəbiyyatının tarixi" [M.Nağısoylu], "Sətri tərcümə [M.Nağısoylu, L.Əliyeva], "Filoloji tərcümə" [M.Nağısoylu] adlı bölmələrdə həm Azərbaycan dilinə, həm də Azərbaycan dilindən edilən tərcümələrin elmi-filoloji, nəzəri praktik tərəfləri araşdırılır, tərcümə yaradıcılığının fəlsəfəsinə toxunulur, prosesin psixoloji mahiyyəti aydınlaşdırılır. Elmi-tədqiqat işlərinin adlarından da göründüyü kimi, tərcümə prosesinin bütün nüansları araşdırılır, tərcümə problematikasının heç bir tərəfi tədqiqatdan kənarda qalmır.

Məlumdur ki, uzunmüddətli tarixi köklərə söykənən tərcümə sənəti tədricən elm sahəsi kimi formalaşmış, özündə həm nəzəri, həm də praktiki parametrləri birləşdirmişdir. Tərcümə sənəti, başqa sözlə, tərcüməşünaslıq XX əsrin əvvəllərindən elm sahəsi kimi formalaşmağa başlamışdır. Müsəlman Şərqində bunun kökləri IX əsrə gedib çıxır. Tərcümə sənəti Ərəbistanda Abbasilər sülaləsi dövründə özünün çiçəklənmə dövrünü yaşamışdır. Bu dövrdə, əsasən, yunan dilindən ərəbcəyə elmi-kütləvi və bədii nümunələr sistemli şəkildə tərcümə edilmişdir.

Sovet dövründə Azərbaycanda tərcümə sənəti bütün parametrləri ilə inkişaf etmişdir. Həm ədəbi-bədii, həm də dilçilik, linqvistika istiqamətində tərcüməşünaslığın nəzəri əsasları da formalaşmışdır. Bu ərəfədə C.Əzimovun "Tərcümə prinspləri", R.Novruzov və A.Hacıyevin "Tərcümə əsərləri" adlı elmi yazıları meydana gəldi. Tərcümə peşəsinin ilk gündən qayda və prinsipləri formalaşmağa başladı. Bunlar, tərcümə edilən əsərlərdə əks olunan xalqın yaşam tərzini, adət-ənənələrini, psixologiyasını, mədəni inkişaf səviyyəsini eynilə çatdırmaq, müəllifin üslubunu mümkün qədər qoruyub saxlamaq, orijinaldakı ovqatın, bədii ifadə vasitələrinin dolğunluğu ilə verilməsinə nail olmaq, lazımi məqamda onları qarşılığı ilə əvəzləmək, orijinalının ümumi ruhunun və məzmununun pozulmasına yol verməmək; personajların dil və üslubunu, davranış və hərəkətlərini kifayət qədər qoruyub saxlamaq. Bu və ya digər tələblər tərcümə mədəniyyəti üçün ilkin şərtlər hesab edilmişdir. Bu prinsplər indi də tərcüməçiləri istiqamətləndirən əsas tələb və məqamlardır.

Bu gün qloballaşdırma prosesinin baş verdiyi vaxtda dünya dillərinin qarışılıqlı əlaqəsi və yaxınlaşması prosesi gedir. Yeniliklər tərcümə prosesinə müəyyən müsbət impluslar versə də, ona həm də daha həssas yanaşmağı tələb edir. Çünki dünya xalqları arasındakı mədəni fərqlər, özünüifadə vasitələri zərrə qədər azalmayıb. Bu da fərdi özünüifadə prinsiplərinə daha həssas yanaşmanı tələb edir.

Müasir tərcümə yaradıcılığı qarşısında ümumi prinsiplərə cavab verən tələblər qoyulur. Bütün bunlar tərcümə materiallarının keyfiyyətini daha da yaxşılaşdırmağa xidmət edir, onu orijinala mümkün qədər yaxınlaşdırmağa imkan yaradır. Tərcümə nəzəriyyəsində bu proses, əsasən, üç model əsasında həyata keçirilir: situativ, transformasiya və semantik. Həmin prinsplər birbaşa tərcümənin keyfiyyətini təmin edən parametrlərdir. Bu barədə rus və dünya aləmləri müxtəlif fikirlər irəli sürmüş, tərcümənin elmi, hissi-emosional və psixoloji tərəflərini qabartmışlar. Bütün hallarda bu fikirlər bir məntiqdə qovuşur: tərcümə bir dildən başqa dilə situasiyanın, insan tiplərinin və şəraitin düzgün çatdırılmasıdır. Tanınmış tərcümə nəzəriyyəçilərindən biri, müasir rus tərcüməşünaslığının banisi A.Fyodrov "Tərcümə nəzəriyyəsinə giriş" kitabında yazır: "Tərcümə etmək-bir dil vasitəsi ilə artıq başqa dildə ifadə olunmuşları dəqiq və tam şəkildə ifadə etmək deməkdir". Digər alim-tədqiqatçılar da öz hipotezlərində eyni fikri bu və ya başqa şəkildə vurğulayırlar.

Tərcümə yaradıcılığı dil faktıyla daha çox bağlıdır. İnsan hissi-emosional yaşantıları ilə ətrafı duyur, əqli-düşüncə ilə dünyanın dərk edir və bütün bunları dillə ifadə edir, dillə çatdırır. Dil ruhun və şüurun tərcümanıdır. Alimlər hesab edir ki, antoloji anlamda tərcümə xarici aləmin "dili" ilə təbii insan dilinin qarışılıqlı əlaqəsi kimi anlaşılır. F.de Sössürün fikrincə, dilin formalaşmasının mahiyyəti ətraf mühitlə əlaqəli xüsusi işarə sisteminin yaranması ilə bağlıdır. Bu, daha çox tərcümə yaradıcılığının fəlsəfi köklərini təyin edən xüsusiyyətdir. Odur ki, tərcümə prinsplərinə mütləq yanaşma lazımi effekt verə bilməz. Bu prinsplər konkret situasiyalarda konkret biçimdə boy göstərir. Çünki mətnin funksional parametrləri onun tərcümə potensialı ilə uyğun gəlməyə bilər. Bu yerdə ekvivalentlik və adekvatlıq imkanları düzgün tənzimlənməlidir.

Dünya xalqlarının milli-mədəni özəllikləri, mədəni, iqtisadi, siyasi yüksəlişi, ictimai sferada fəaliyyət əlaqələri tərcümə və tərcüməçilər vasitəsilə ötürülür. Mədəni-tarixi köklərə bələdlik, milli inkişafın və tərəqqinin izlənməsi tərcümə sənətinin yaşatdığı gerçəkliyin nəticəsidir. Tərcümə etnolinqvistik maneələri aradan qaldırır, milli mədəniyyət və ədəbiyyatın qarşılıqlı zənginləşməsini əlaqələndirir. Bu mənada tərcümə işinin tarixi inkişaf mərhələləri, eləcə ayrı-ayrı xalqların, milli birliklərin formalaşması, inkişafi tarixi kimi xarakterize olunur. Bu mənada "Azərbaycan Tərcümə Ensiklopediyası" toplusunda milli tərcümə sənətinin formalaşması, onun inkişaf mərhələləri, tarixi-tipoloji xüsusiyyətləri barədə geniş bilgi sərgilənir.

Tarixi qaynaqlara görə, Azərbaycanda peşəkar tərcümə sənəti tarixi XIV əsrdən başlayır. Şərqdə geniş vüsət almış tərcümə işinin izlənməsi Azərbaycanda daha qədimlərə gedib çıxır. Alimlərin fikrincə, "Kitabi-Dədə Qorqud" dastanlarında Qurani-Kərimin 112-ci ["İxlas"] surəsinin sərbəst bədii tərcüməsinin verilməsi tərcümə sənətinin Azərbaycan ədəbiyyatında qədim tarixə malik olmasına tutarlı sübutdur. Qazlıq Qoca oğlu Yegnəyin dilindən deyilən bu sözlər adı çəkilən surənin mətni ilə tam səsləşir:

Yucalardan yucasan,

Kimsə bilməz necesən, əziz Tanrı! və s.

Orta əsrlərdə [bəzi tədqiqatlar bunun daha qədimlərə gedib çıxdığını sübut edir] Qurani-Kərimin tam mətni sətiraltı şəkildə Azərbaycan dilinə tərcümə olunmuş və bu əlyazmalar günümüzə qədər gəlib çatmışdır. Belə nümunələrdən biri h.734 [m.1333] ildə tamamlanmışdır. Bu nadir əlyazmanın katibi və mütərcimi Məhəmməd ibn əl-Həc Dövlətşah Şirazıdır. XVI əsrdə daha bir neçə Quran ayəsinin mətni sətiraltı tərcüməylə türkcəyə çevrilmişdir. Belə əlyazmalardan biri h. 737 [m.1336-37] ilə köçürülmüşdür. XIV əsrdə Qurani-Kərimlə yanaşı, dini-bədii tarixi məzmunlu kitablar da ərəb dilindən Azərbaycan türkcəsinə çevrilmişdir. Bunlardan ikisi xüsusi diqqətçəkəndir: "Şirətün-nəbi" ["Peyğəmbərin həyatı"] və "Fütuhuş-Şam" ["Şamın fəthi"]. Hər iki əsərin mütərcimi Mustafa ibn Yusif Ömər Əz-Zəkik Ərzənur-Rumidir.

XV-XVI əsrlərdə dəyişən ictimai-siyasi hadisələr fonunda ana dilinə  olan diqqət və qayğı nəticəsində tərcümə sənəti də yeni inkişaf mərhələsinə keçmişdir. Şah İsmayıl Xətainin Azərbaycan türkcəsini dövlət dili elan etməsindən sonra bu işin tərəqqisi sürətləndi. Bu dövrdə ana dilli poeziya böyük nüfüz qazandı və geniş arealda inkişaf etdi. Əsasən, fars və ərəb dillərindən tərcümələr çoxaldı. Şeyx Vəli Şirazinin "Gülşəni-Raz" və Əhməd Təbrizinin "Əsrarnamə" əsərlərinin tərcüməsi dövrün aparıcı nümunələrinə çevrildi. XVI əsrin məşhur bədii tərcümələrindən Məhəmməd Füzulinin "Hədisi - ərbəin" ["Qırx hədis"] və "Hədiqətüs-süəda" ["Xoşbəxtlər bağı"] əsərlərini misal göstərmək olar. Məhəmməd ibn Hüseyn Rəvani tərəfindən tərcümə edilmiş Sədi Şirazinin "Gülüstan"əsəri dövrə damğa vuran nümunələrdəndir.

XVIII-XIX əsrlərdə Azərbaycanda tərcümə sənəti kifayət qədər inkişaf eləmişdir. Nümunələr içərisində Abbasqulu Ağa Bakıxanovun  "Riyazül - Qüds"  ["Qüdsiyyət bağı"] əsəri xüsusi yer tutur. Ensiklopediyada bu tarixi gələnəklər barədə geniş məlumatlar verilir. Məlumdur ki, XIX əsrin birinci yarısından XX əsrin ortalarınadək həm Azərbaycan dilinə, həm də ana dilimizdən  müxtəlif əcnəbi dillərə tərcümə işi xeyli inkişaf etmişdir. Bu sahədə çalışmış görkəmli ədəbiyyat xadimləri M.F.Axundzadə, A.Bakıxanov, N.Vəzirov, Ş.Ə.Şirvani, R.Əfəndiyev, M.Mahmudbəyov, A.Şaiq, P.Antoqolsk, A.Adalis, A.Axundova, A.Mustafazadə və başqaları haqqında ətraflı bilgi sərgilənir.

"Personalilər" bölməsində tərcüməşünaslarla yanaşı, mütərcimliklə məşğul olan şair, yazıçı, filosof və başqa bu sahədə çalışmış, tərcümə sənətinə töhfə vermiş hər bir şəxsin həyat və fəaliyyəti, onların çevirdiyi əsərlər haqda kifayət qədər dolğun ensiklopedik məlumat verilir.

"Azərbaycan tərcümə ensiklopediyası" təkcə məlumat kitabı deyil, həm də mükəmməl elmi mənbədir. Strukturu, ehtiva dairəsi, elmi-nəzəri səviyyəsi ilə ensiklopediyanın ikinci, mükəmməl nəşri tərcümə sahəsinin həm nəzəri, həm də praktik sahələrini əhatə edən bilik kitabıdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
525.az

1Mənbələr