AZ

Sürücüləri maraqlandıran suala CAVAB Bunu mütləq bilməlisiniz

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Bəzi sürücülər yol polisinin onları əsassız saxladığını iddia edirlər. Bildirilir ki, bu, nəqliyyat vasitəsinə baxış keçirmək məqsədilə edilsə də, müəyyən narazılıqlara səbəb olur. Vətəndaşlar qeyd edirlər ki, polislər baqajın açılmasını və təhlükəsizlik avadanlıqlarının, məsələn, apteçka və yanğınsöndürənin olub-olmamasını yoxlayırlar. Belə hallar ümumilikdə sürücülərin narahatlığına yol açır.

Bu məsələ qanunvericilikdə necə tənzimlənir? Nəqliyyat vasitəsinə baxış hansı qaydada həyata keçirilir? Sürücü yol polisinin məlum tələbini rədd edə bilərmi?

Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, qanunvericiliyə əsasən, nəqliyyat vasitəsinə baxış və axtarış yalnız müəyyən hallarda, hüquqi əsaslarla həyata keçirilə bilər:

“Baxış və axtarış arasında hüquqi fərqlər var. Baxış vizual yoxlama deməkdir, yəni yol polisi əməkdaşı nəqliyyat vasitəsində (o cümlədən baqaj yerində) görünən əşyaları, texniki avadanlıqları yoxlayır. Bu zaman fiziki müdaxilə, əşyaların çıxarılması, sökülməsi prosesi icra edilmir. Lakin axtarış daha ciddi tədbirdir və o, yalnız məhkəmə qərarı ilə,yaxud qanunla müəyyən edilmiş əsaslar olduqda həyata keçirilə bilər. Axtarış zamanı avtomobilin bütün hissələri, salon, baqaj, oturacaqların altı hərtərəfli yoxlanılır. Bu hallarda belə baxış sürücünün, şahidlərin iştirakı və protokollaşdırma əsasında aparılmalıdır. Polis əməkdaşı yol hərəkəti təhlükəsizliyi və ya inzibati xətanın araşdırılması məqsədilə nəqliyyat vasitəsinə baxış keçirə bilər. Bu halda, baxış zamanı avtomobilə zərər vurulmamalı, əşyaların yerləşməsi dəyişdirilməməli və sürücünün hüquqları pozulmamalıdır”.

Ellada Bayramova

Hüquqşünas qeyd edib ki, yol polisi əməkdaşı istədiyi vaxt, səbəbsiz olaraq “baqajı aç”, “apteçkanı göstər” kimi tələblər irəli sürə bilməz:

“Bu proses yalnız müəyyən hallarda tələb oluna bilər. Məsələn, reyd zamanı, axtarışda olan şəxs və ya əşya barədə məlumat olduqda, yaxud avtomobildə şübhəli yük və avadanlıq varsa, mümkündür. Ümumilikdə “Yol hərəkəti haqqında” Qanunun 26-cı maddəsinə əsasən, sürücü avtomobildə texniki baxış üçün zəruri olan avadanlıqları (apteçka, yanğınsöndürən, təkər açarı və s.) saxlamalıdır. Yol polisi bu vasitələrin olub-olmadığını yoxlaya bilər, amma bu da ümumi baxış çərçivəsində, sürücünün iştirakı ilə həyata keçirilməlidir. Bu zaman sürücü yol polisindən baxışın və ya yoxlamanın hansı əsasla aparıldığını soruşmaq, cavab tələb etmək hüququna sahibdir. Eyni zamanda, baxış hüquqi prosedura uyğun aparılmırsa, sürücünün etiraz etmək və aktda bunu qeyd etdirmək kimi öhdəliyi də var. Həmçinin hüquq-mühafizə əməkdaşlarının fəaliyyəti açıq olduqca, sürücü baxışı videoçəkilişlə qeydə ala, tərtib olunan protokolun surətini tələb edə bilər. Əgər baxış qanunsuz aparılıbsa, bu barədə DİN-in “102” xidmətinə, Baş Dövlət Yol Polisi İdarəsinə və ya məhkəməyə müraciət etmək məqsədəuyğun sayılır”.

Ləman İmran

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
globalinfo.az

1Mənbələr