AZ

Abutalıb Səmədov: "Rusiya Azərbaycana qarşı iqtisadi təzyiq göstərir"

“Azərbaycan hakimiyyəti Rusiya ilə münasibətləri normallaşdırmaq istədiyini dəfələrlə bəyan edib. Bunun üçün isə Rusiya təyyarə qəzasına görə Azərbaycandan üzr istəməli, təzminat ödəməli və günahkarları cəzalandırmalıdır. Ancaq təəssüf ki, Rusiya beynəlxalq hüququn bu tələblərinə əməl etmək niyyətində olmadığını açıq şəkildə nümayiş etdirir. Hazırda Azərbaycana qarşı iqtisadi təzyiq vasitələri tətbiq olunur. Məlumdur ki, Azərbaycan Rusiyaya illik 1 milyard dollardan bir qədər artıq məhsul ixrac edir. Bu məhsulların əsasını meyvə-tərəvəz, şirələr və müəyyən qida sənayesi məhsulları təşkil edir. Son günlərdə Rusiya Azərbaycandan gələn meyvə-tərəvəzi sərhəddən buraxmır və iddia edir ki, bu məhsullar tələb olunan standartlara cavab vermir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov deyib.

Qeyd edək ki, bir müddətdir ki, Azərbaycanla Rusiya arasında gərginlik səngimir. Son günlərdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Almaniyanın “Berliner Zeitung” nəşrinə verdiyi müsahibədə Moskva ilə münasibətlərdə əsaslı bir dəyişikliyin baş vermədiyini bildirməsi bu gərginliyin fonunu əks etdirir. Hacıyev qeyd edib ki, rəsmi Bakı Kreml tərəfindən AZAL təyyarəsinin vurulmasına görə məsuliyyətin qəbul ediləcəyini gözləsə də, əksinə, son aylarda ikitərəfli münasibətlərdə müəyyən anlaşılmazlıqlar və gərginliyin artması müşahidə olunur.

Siyasi şərhçi bildirib ki, bu, geniş yayılmış və yanlış bir praktikadır, atılan addımın məqsədi isə aydın şəkildə görünür.

“Görünür ki, bundan sonra da bu cür təzyiqlər davam edəcək. Azərbaycanlı əmək miqrantlarına qarşı müəyyən addımların atılması da gözləniləndir. Ötən il Rusiyada çalışan həmvətənlərimiz Azərbaycana təxminən 500 milyon dollar vəsait göndəriblər. Bu köçürmələrin qarşısını almağa da cəhd göstərilə bilər. Azərbaycanlı iş adamlarına qarşı təzyiqlər başlayıb, onların bəzi obyektlərinin bağlanması istiqamətində tədbirlər görülür. Digər təzyiq alətlərindən də istifadə olunacağı istisna deyil. Azərbaycan isə qarşılıqlı tədbirlər görmək məcburiyyətində qalacaq və bu da münasibətlərin daha da pisləşməsinə gətirib çıxara bilər. Hazırda hərbi təzyiq göstərmək imkanları məhduddur, lakin Ukrayna müharibəsi başa çatdıqdan sonra Rusiya bu istiqamətdə yeni yollar axtarmağa cəhd edəcək. Əgər Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra Rusiya yönümlü qüvvələr hakimiyyətə gəlsələr, Moskva əvvəlki illərdə olduğu kimi, Ermənistandan Azərbaycana qarşı istifadə etməyə çalışacaq. Təbii ki, biz hər cür təzyiqə, hər cür təxribatlara hazır olmalı və onları aradan qaldırmaq üçün vaxtında zəruri addımlar atmalıyıq”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Seçilən
10
aznews.az

1Mənbələr