AZ

Bəzi ixtisaslarda 10-15 bal artım ola bilər - EKSPERT

Azərbaycanda ali təhsil müəssisələrinə qəbul imtahanları ötən həftə yekunlaşıb. Ümumi nəticələrə əsasən, bu il yalnız iki abituriyent maksimum bal toplaya bilib. Onların hər ikisi IV ixtisas qrupu üzrə imtahanlarda iştirak edib.

“Bu ilki nəticələr əvvəlki illərlə müqayisədə nisbətən daha yaxşı qiymətləndirilir”.

Bunu Modern.az-a danışan zaman təhsil eksperti Rizvan Fikrətoğlu deyib.

O bildirib ki, ballar arasında balans qorunmaqla yanaşı, bir sıra prestijli ixtisaslara maraq da yüksək olaraq qalır. Onun sözlərinə görə, xüsusilə informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kompüter elmləri, kompüter mühəndisliyi və bu ildən tədris olunacaq “Data Analitika” ixtisaslarında keçid ballarının yüksək olacağı ehtimal edilir.

Təhsil eksperti əlavə edib ki, tibb sahəsinə tələbat isə hər il olduğu kimi bu il də azalmayacaq:

“Qarabağ Universitetində tibb yönümlü ixtisaslarının açılması da bu sahəyə olan marağın səviyyəsinə müsbət təsir edəcək. Ümumilikdə isə nəticələrin ötən illə müqayisədə stabil qalacağı proqnozlaşdırılır”.

O həmçinin vurğulayıb ki, son illər gənclər arasında maraq göstərilən sahələrdən bir digəri də biotexnologiyadır.

“Biotexnologiya ixtisasına da ötən il olduğu kimi bu il də kifayət qədər tələbat olacağı gözlənilir. Eyni zamanda, plan yerlərinin artırılması fonunda balların kəskin şəkildə artacağı ehtimal olunmur. Lakin bəzi ixtisaslarda 10-15 ballıq artım və ya azalma müşahidə oluna bilər”,- deyə R.Fikrətoğlu qeyd edib.

Seçilən
6
1
modern.az

2Mənbələr