Xalq qazeti saytına istinadən ain.az xəbər verir.
Türkiyə Jurnalistlər Cəmiyyətinin nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində iyulun 29-da AZƏRTAC-da olub.
Qonaqlar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mətbuatla bağlı tədbirlərdə iştiraklarını, Müzəffər Ali Baş Komandanın Vətən müharibəsi dövründə xalqa müraciətlərini, işğaldan azad olunmuş bölgələrə səfərlərini əks etdirən fotolara, həmçinin AZƏRTAC-ın müxtəlif dövrlərdə istifadə etdiyi texniki avadanlıqlardan ibarət eksponatlara baxıblar.
Agentlikdə keçirilən görüşdə qardaş ölkələrimizin media qurumları arasında əlaqələrin yaradılması və inkişaf etdirilməsi sahəsində Ulu Öndər Heydər Əliyevin, prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın xidmətləri xüsusi vurğulanıb.
Qonaqlara AZƏRTAC-ın tarixi, keçdiyi inkişaf yolu, beynəlxalq əlaqələri, o cümlədən Anadolu Agentliyi ilə əməkdaşlığı barədə məlumat verilib. Qeyd edilib ki, ilk xəbəri 1920-ci il martın 2-də işıq üzü görən AZƏRTAC hazırda 54 ölkənin informasiya agentliyi ilə rəsmi tərəfdaşlıq müqaviləsi əsasında xəbər mübadiləsi aparır. Agentliyin 24 ölkədə 25 müxbir məntəqəsi fəaliyyət göstərir.
Türkiyə Jurnalistlər Cəmiyyətinin sədr müavini Ali Oruç qeyd edib ki, qardaş ölkələrimizin media nümayəndələri İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası və Türk Xəbər Agentlikləri Alyansı çərçivəsində də fəal əməkdaşlıq edirlər.
Görüşdə Türkiyə Jurnalistlər Cəmiyyətinin həyata keçirdiyi “9-cu kənd” layihəsi ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, bu layihədə Türkiyədə təhsil alan bir çox azərbaycanlı tələbə də jurnalist sənəti barədə maarifləndirilir və təcrübə əldə edir.
AZƏRTAC-ın redaksiyaları ilə tanış olan media nümayəndələrinə məlumat verilib ki, gün ərzində Agentliyin informasiya resurslarında Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb, Çin və ispan dillərində xəbərlər dərc edilir, foto və video materialları yerləşdirilir.
Qonaqlar AZƏRTAC-ın şəhid jurnalisti Məhərrəm İbrahimovun xatirə guşəsi ilə tanış olublar. Onlara şəhid həmkarımızın həyat yolu və fəaliyyəti barədə ətraflı məlumat verilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.