AZ

Uşaq stomatoloji klinikasından şikayət - “Dövlət xəstəxanasında bu qədər ödəniş niyə olmalıdır?”

Valideynlər Nərimanov rayonunda yerləşən 5 saylı Uşaq Stomatoloji Klinikasındakı xidmətlərdən narazıdır. Onların sözlərinə görə, dövlət tibb müəssisəsi olmasına və icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərməsinə baxmayaraq, klinikada bir sıra rəsmi və qeyri-rəsmi ödənişlər tələb olunur.

AzPost xəbər verir ki, vətəndaşlar klinikaya müraciət edərkən əvvəlcə 5 saat növbədə gözləməli olduqlarını, sonra 1 ay müddətinə qeydiyyata düşmək üçün 5 manat ödəməyə məcbur olduqlarını bildirirlər. Üstəlik, qeydiyyat aybaay yenilənməli, hər dəfə yenidən 5 manat ödənilməlidir. Bu ödəniş yalnız kartla qəbul olunur və nəğd pul götürülmür.

Şikayətçi valideynin sözlərinə görə, qeydiyyatdan keçdikdən sonra həkim tərəfindən plomb qoyulması üçün ondan əlavə olaraq 50 manat, dərman üçün isə 10 manat istənilib:
“Bura dövlət xəstəxanasıdırsa, niyə özəl klinika qədər ödəniş tələb olunur? Mən icbari tibbi sığorta ödəyirəmsə, bu xərc niyə mənim üzərimə düşür?” – deyə narazı vətəndaş bildirib.

Onun iradlarına isə klinika əməkdaşları laqeyd yanaşıb və “Kimə istəyirsiz şikayət edin, bizdə belədir” cavabını veriblər.

Vətəndaş qeyd edib ki, şikayətini artıq aidiyyəti qurumlara çatdırmaq niyyətindədir. Onun sözlərinə görə, bu cür özbaşınalıqlar nəzarətsiz qaldıqca, sadə vətəndaşların hüquqları pozulmağa davam edəcək.

Qeyd edək ki, 5 saylı Uşaq Stomatoloji Klinikası TƏBİB-in tabeliyində fəaliyyət göstərir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi isə rəsmi olaraq dövlət tibb müəssisələrində göstərilən xidmətlərin əksəriyyətinin sığorta çərçivəsində pulsuz olduğunu bildirir.

Mövzu ilə bağlı TƏBİB və İcbari Tibbi Sığorta Agentliyinin mövqeyini dərc etməyə hazırıq.

AzPost.az

Seçilən
1
1
azpost.info

2Mənbələr