AZ

Çin nəhəng su bəndi tikir – Dəyəri 153 milyard avrodur

Çin iyulun 19-da dünyanı sarsıdan yeni enerji layihəsinə start verib. Rəsmi Pekin, Tibetdə – ekoloji cəhətdən dünyanın ən həssas bölgələrindən birində planetin ən böyük hidroelektrik bəndinin inşasına başlayıb. Layihənin dəyəri 153 milyard avro (təxminən 300 milyard manat) təşkil edir.

NOCOMMENT.az bildirir ki, bu barədə xarici media məlumat yayıb.

Yeni nəhəng bəndin illik 300 milyard kilovatsaat enerji istehsal edəcəyi bildirilir. Bu göstərici ilə hazırda dünyanın ən böyük bəndi hesab olunan “Üç Boğaz Bəndi”ni geridə qoyacağı gözlənilir.

Pekin layihənin məqsədini ölkə daxilində enerji şəbəkəsini gücləndirmək və qonşu ölkələrə elektrik enerjisi ixracı ilə əsaslandırır. Lakin beynəlxalq müşahidəçilər bu addımın arxasında Çinin bölgədəki su ehtiyatları üzərində strateji nəzarət qurmaq cəhdinin dayandığını bildirirlər.

Bənd Hindistan və Banqladeş üçün həyati əhəmiyyət daşıyan Brahmaputra çayının mənbəyi – Yarlunq Tsanqpo çayı üzərində inşa edilir. Mütəxəssislər hesab edirlər ki, bu vəziyyət Çinə aşağı hövzədə yaşayan milyonlarla insan üzərində təsir imkanları qazandıra bilər. Hətta bəzi analitiklər, gələcəkdə Çin tərəfindən bu su mənbəyinin “hərbi olmayan silah” kimi istifadə edilə biləcəyindən ehtiyat edirlər.

Çinin bu addımına qarşı Hindistan da cavab tədbirləri görür. Rəsmi Dehli, mübahisəli Arunaçal Pradeş bölgəsində öz bənd tikintisi layihələrini sürətləndirib. Bu isə regionda “su savaşı” riskini artırır.

Eyni zamanda layihənin ətraf mühitə və yerli əhaliyə təsiri ilə bağlı ciddi narahatlıqlar var.

Ekoloqlar, çayın axarına ediləcək hər hansı müdaxilənin fəlakətli nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Bəndin tikintisi zamanı minlərlə Tibetlinin məcburi köçkünə çevriləcəyi gözlənilir. Çin hökuməti bu prosesin mütəşəkkil şəkildə aparılacağını bildirsə də, çətin iqlim və relyef şəraiti prosesi daha da mürəkkəbləşdirir.\\Sfera.az

Seçilən
0
2
nocomment.az

3Mənbələr