AZ

"Rusiya Zəngəzurla bağlı hərbi müdaxiləyə yol verərsə, Azərbaycan və Türkiyə onu peşman edər...”

"Hələ 19-cu əsrin sonunda Bismark demişdi ki, Rusiya ilə zarafat etməyin, nəticədə elə bir axmaqlıq edə bilər ki, peşman olarsınız. Əslində, axmaqlıq Rusiyanın siyasətinin əsas prinsiplərindən biridir: heç kəsin gözləmədiyi addımlar atmaq, idarəolunmaz hərəkətlər etmək..." 
 
Bəzi siyasi şərhçilər işğalçı Rusiya diktatoru Vladimir Putinin xüsusilə ABŞ-ın “Tramp körpüsü” layihəsi meydana çıxdıqdan sonra Zəngəzur dəhlizinə nəzarəti ələ keçirmək üçün hərbi müdaxiləyə yol verə biləcəyini iddia edirlər. Bəs görəsən, Rusiyanın indiki durumunda belə bir situasiya mümkündürmü?..
 
Moderator.az-a açıqlamasında AzVP sədri Akif Nağı mövzu ilə bağlı bunları söyləyib:
 
“Zəngəzur dəhlizi ilə bağlı proseslər hələ də davam edir. Hazırda daha çox danışıqlar, mübahisələr və müzakirələr məhz bu mövzuda gedir. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, sülh anlaşmalarının imzalanması və digər məsələlərin müzakirəsi hələlik səngiyib. Zəngəzurla bağlı hər tərəfdə narahatlıqlar mövcuddur, bunlar da ilk növbədə Azərbaycanın mövqeyi ilə əlaqədardır. Azərbaycan bununla əlaqədar öz şərtlərini irəli sürüb. Dəhlizin hər iki tərəfdən erməni əsgəri ilə qarşılaşmadan ən asan şəkildə keçilməsinə şərait yaradılmalıdır. Bunun ətrafında maraqlı ölkələr öz mövqelərini ortaya qoymağa çalışırlar. İlk növbədə Rusiyanın bölgədəki mövqeyi ilə bağlı müxtəlif fikir ayrılıqları yaranıb. Rusiya bəyan edib ki, Zəngəzur dəhlizi məsələsi Azərbaycan və Ermənistanın daxili məsələsidir və buna müdaxilə etməyəcəklər. Lakin sonradan sərt açıqlama verərək Rusiyanın Zəngəzurda maraqları olduğunu və orada başqa güclərin yerləşməsinə imkan verməyəcəklərini bildiriblər...
 
Birləşmiş Ştatlar da maraqlı təklif ortaya qoyub: “Tramp körpüsü” adı ilə tanınan variant gündəmə gəlib. Ermənistanda isə məsələyə ziddiyyətli yanaşmalar var. Bəzən ABŞ-ın təklifini rədd edirlər, bəzən də razılaşdıqlarını bildirirlər. Bu gün Ermənistan parlamentinin vitse-spikeri Rubinyan tərəfindən verilən açıqlamada prinsip etibarilə “Tramp körpüsü” variantı ilə razılaşdıqlarını, amma Zəngəzur dəhlizində Ermənistanın suveren hüquqlarının nəzərə alınması gərəkdiyini qeyd ediblər...
 
İranda isə prezident Pezeşkianın mövqeyi kifayət qədər loyaldır, amma ali dini liderin və onun ətrafının mövqeyi sərtdir. Xüsusən də, hazırda Xameneinin müşaviri olan keçmiş xarici işlər naziri Əliəkbər Vilayəti sərt mövqedən çıxış edir. O, hesab edir ki, Zəngəzur dəhlizinin açılması ABŞ və İsrailin İran və Rusiyanı regionda təcrid etmək planının tərkib hissəsidir. Vilayəti bununla bağlı gülməli bir açıqlama verib: əgər Zəngəzur dəhlizi bağlansa, İranın Qafqaza yolu kəsiləcək. Bu isə tamamilə mənasız, absurd bir düşüncədir. Çünki birincisi, Zəngəzurdan keçəcək yol heç kəsin yolunu bağlamayacaq. İkincisi, İranın Azərbaycanla sərhədi Ermənistanla sərhədindən dəfələrlə böyükdür. Məgər Azərbaycan Qafqaz deyil? Yoxsa İran Azərbaycanını özünə tamamilə ögey bir ölkə sayır?..
 
Bütün hallarda hazırkı vəziyyətdə İranın Zəngəzur dəhlizinin açılmasına qarşı real bir hərəkət etməsi ehtimalı azdır. İran əslində, Rusiya ilə birgə razılaşdırılmış hərəkətlər etməyə çalışır. Və Rusiyanın bu məsələdə hansısa addımlar atması mümkündür. Qeyd etdiyiniz kimi, bəzi şərhlərdə Rusiyanın Ermənistana əlavə qüvvə göndərməsi və Zəngəzur dəhlizinin açılmasına qarşı hərbi müdaxilə edə biləcəyi bildirilir. Düzdür, Rusiyadan hər şey gözlənilə bilər. Hələ 19-cu əsrin sonunda Bismark demişdi ki, “Rusiya ilə zarafat etməyin, nəticədə elə bir axmaqlıq edə bilər ki, peşman olarsınız.” Bu ifadə, Rusiyanın hərəkətlərinin həddindən artıq dəyişkən olduğunu və onu lazımsız şəkildə provokasiya etmənin nəticəsiz qala biləcəyini göstərir. Əslində, axmaqlıq Rusiyanın siyasətinin əsas prinsiplərindən biridir: heç kəsin gözləmədiyi addımlar atmaq, idarəolunmaz hərəkətlər etmək. Lakin bütün bunlarla belə, Rusiyanın Ukrayna cəbhəsində müəyyən taktiki uğurlar əldə etməsinə, bəzi kiçik məntəqələri ələ keçirməsinə, şəhərləri bombalamasına rəğmən, ölkənin daxili vəziyyəti çox gərgindir. Günlərdir ki, Moskvanın, Sankt-Peterburqun və digər iri şəhərlərin hava limanları iflic vəziyyətindədir, Ural və Sibirin xeyli hissəsində internetdə ciddi kəsilmələr baş verir və bu da insanların gündəlik həyatına ciddi problemlər yaradır. Həmçinin, Putinin apardığı siyasətə qarşı böyük narazılıqlar mövcuddur. Bu vəziyyətdə Putinin Zəngəzura qoşun yeridərək Rusiyanın ikinci cəbhəsini açması heç də məntiqli olmaz. Əgər Rusiya belə bir addım atarsa, bu növbəti axmaqlıq olacaq və şübhəsiz, bu ölkənin vəziyyətini daha da ağırlaşdıracaq. Həm də ona görə ki, Putinin belə bir addım atması halında Azərbaycan və Türkiyə ilə birgə buna qarşı sərt addımlar atmalı olacaqlar. Beynəlxalq ictimaiyyətin və Qərbin də dəstəyi nəzərə alınarsa, böyük ehtimalla bu qarşıdurmada biz Rusiyanı peşman edəcəyik. Bütün bunları nəzərə alaraq, demək olar ki, Moskvanın Zəngəzurla bağlı hər hansı bir hərbi müdaxilə edəcəyi ehtimalı azdır. Lakin hər şeyə rəğmən Kreml belə bir addım atarsa, nəticələri Rusya üçün çox pis olacaq..."
 
Seçilən
1
moderator.az

1Mənbələr