AZ

Xavi Martines Qətərdə özünə yeni klub tapdı

Qətər təmsilçisi “Əl-Bidda” 36 yaşlı ispan veteran mərkəz müdafiəçisi Xavi Martinesi “Qətər”dən azad agent qismində heyətinə qatıb.

Arena.az bu barədə “Əl-Bidda”nın mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər arasındakı müqavilənin müddəti ictimaiyyətə açıqlanmayıb.

Xavi Martines “Osasuna”nın məzunudur. Futbolçu, karyerası ərzində Bilbao “Atletik”i, “Bayern” və “Qətər”də çıxış edib.

Geridə qalmış mövsümdə Martines “Qətər” üçün 19 oyun keçirib, 1 qol vurub.

Xavi Martines 2010-cu ilin may ayında debüt etdiyi İspaniya yığmasının heyətində 18 oyuna 1 məhsuldar ötürmə ilə fərqlənib.

Martinesin klub səviyyəsində uğurları Almaniya nəhəngi “Bayern”in adı ilə bağlıdır. Münhen klubu ilə Martines 9 dəfə Almaniya Bundesliqasının, 5 dəfə Almaniya Kubokunun, 4 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub. Milli yığma komanda səviyyəsində isə Martines 2010-cu il dünya çempionatını (DÇ-2010) və 2012-ci il Avropa Çempionatını (AÇ-2012) qazanıb. Martines həmçinin İspaniyanın U-19 və U-21 komandaları ilə müvafiq olaraq 2007-ci və 2011-ci illər Avropa Çempionatlarının qalibi olub.

“Transfermarkt” internet-portalı 36 yaşlı ispan veteran mərkəz müdafiəçisinin transfer dəyərini 800 min avro məbləğində qiymətləndirir.

Seçilən
3
arena.az

1Mənbələr