Paytaxt ərazisində dəmir yolu xəttinə yaxın ərazilərdə yerləşən sənədsiz evlərin sökülməsi prosesi gündəmdədir.
Uzun müddətdir sözügedən ərazilərdə məskunlaşan sakinlər üçün bu qərar həm hüquqi, həm də sosial baxımdan narahatlıq yaradır. Dövlət qurumları təhlükəsizlik və şəhərsalma qaydalarını əsas gətirsə də, ictimaiyyətdə evlərin taleyi və sakinlərin hüquqları ilə bağlı suallar qalmaqdadır.
Məlumatlara görə, dəmir yolu xətləri üzrə 24 metr və daha az məsafədə yerləşən yaşayış evləri təmamilə söküləcək.
Bəs belə sənədsiz evlərin söküntüsü zamanı kompensasiya veriləcəkmi? Ümumi olaraq kompensasiya məbləği necə hesablanmalıdır? Evin real qiymətinin hansı hissəsi vətəndaşa təqdim olunmalıdır?
Hüquqşünas Ramil Süleymanov Referans-a açıqlamasında bu sualları ətraflı şəkildə cavablandırıb.
“ “Torpaqların dövlət ehtiyyacları üçün alınması” haqqında Azərbaycan Respublikasının qanununa görə, hər hansısa dövlət layihəsi icra olunduqda və ya hər hansı bir strateji obyektin mühafizə zolağına yaxın yerdə tikilərsə, ümumiyyətlə, bu qəbildən olan fərdi yaşayış evlərinin sökülməsi zamanı mütləq şəkildə onlara kompensasiya qarşılıqlı razılaşma əsasında təyin olunur. Təyin olunan kompensasiyanın məbləği həmin ərazi üzrə son 6 ayda və yaxud son bir ildə bağlanan alğı-satqı müqavilələrinə əsasən müəyyən edilir. Yaxud da dövlət tərəfindən zonaların dəyərləndirilməsinə uyğun olaraq kompensasiya məbləği təyin olunur. İstənilən halda vətəndaşlar bunu anlamalıdırlar ki, onlar mühafizə zolağının içində yerləşirlər və bu, təhlükəli zona olduğuna görə həyati əhəmiyyətlidir bu problem”.
Hüquqşünas qeyd edib ki, müvafiq dövlət qurumları isə bu söküntünü həyata keçirən zaman vətəndaşın artıq yaranmış mülkiyyət hüququ olduğunu da nəzərə almalıdırlar.
“Həmin mülkiyyət hüququna əsasən də, vətəndaşlara kompensasiya məbləği təyin olunmalıdır və ödənilməlidir. Əgər vətəndaşlar tərəfindən hər hansısa bir şəkildə təyin olunan kompensasiyanın məbləği ilə bağlı narazılıq mövcud olarsa, vətəndaşın həmin qərarla bağlı məhkəməyə müraciət etmək hüququ vardır. Eyni zamanda müvəqqəti təmin tədbiri olaraq ərazidə söküntü işlərinin dayandırılması barədə məhkəmə qərardadının əldə olunmasına da çalışmalıdır”.
Fidan Vəlisoy