AZ

Tramp Amerikanı Çin yolu ilə aparır - dollar yuan kimi su qiymətinə düşə bilər...


Xalid Kərimli: "Tramp əslində dolları ucuzlaşdırmaq, dəyərsiz valyutaya çevirmək istəmir, sadəcə faiz dərəcələrini aşağı salmaq istəyir"

ABŞ prezidenti Donald Trampın Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Paueli istefaya göndərmək planları məlum olduqdan sonra dollar kəskin ucuzlaşmağa başlayıb. Bunun ardınca isə ABŞ prezidenti FED rəhbərini kəskin tənqid etsə də, onu istefaya göndərmək fikrindən daşınıb.

Tramp baza faiz dərəcəsini aşağı salmaqdan imtina etdiyi üçün FED rəhbərini daha əvvəllər dəfələrlə tənqid edib. Ağ Evin rəhbəri əmindir ki, faiz dərəcəsi ilə bağlı qərar Amerika büdcəsinə ildə 1 trilyon dollara qədər qənaət etməyə kömək edə bilər. Artıq ABŞ prezidentinin "ucuz dollar" siyasətinin başlandığı müşahidə edilir.

Trampın ucuz dollar siyasəti Amerikaya nə vəd edir?

"Trampa dəfələrlə Cerom Pauellə bağlı suallar verilib, amma o, FED rəhbərini işdən çıxartmaq qərarı olduğunu dilə gətirməyib. Bu barədə sadəcə olaraq Amerika nəşrləri öz mənbələrinə istinadən xəbərlər yayıb. Bunun da əsas səbəbi Donald Trampın Cerom Paueli tez-tez kəskin tənqid etməsidir. Trampın Cerom Pauelin işindən xoşu gəlmir, amma onu istefaya göndərmək fikrində də deyil, çünki bu elə də asan qərar deyil. O, ABŞ maliyyə sisteminin simasına çevrilmiş bir personadır, onun vəzifədən azad edilməsi birjalarda Amerika fond indekslərinin dalğalanmasına səbəb ola bilər ki, bu da iqtisadiyyatda qeyri-sabitliyə gətirib çıxara, ABŞ bundan 100 milyardlarla dollar itirə bilər. Tramp bunu bilir. Digər tərəfdən, Cerom Pauelin səlahiyyət müddəti gələn ilin birinci yarısında başa çatır. Bu baxımdan belə bir dövlət məmurunun istefaya göndərilməsi Tramp üçün mənasızdır. Hətta qəzetlər Trampın bu barədə ehtimal olunan fikirlərini dərc edəndə birjalarda eniş meylləri sürətlənir. ABŞ prezidenti isə maliyyə itirməkdən həmişə qaçır", - bunu baki-xeber.com-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.

İqtisadçı onu da əlavə etdi ki, Tarmp əslində dolları ucuzlaşdırmaq istəmir, bu ucuzlaşma Pauellə Trampın arazında olan fikir ayrılıqları da deyil, bunun əsas səbəbi ABŞ prezidentinin sürdürdüyu ticarət müharibədir: "Əslində ticari müharibələrin Amerika iqtisadiyyatına zərər vura biləcəyi narahatlığından dolayı dollar ucuzlaşır.

Məsələn, Amerika ilə Avropa İttifaqı arasında müqavilə imzalanacağı ilə bağlı xəbər yayılan kimi dollar avro qarşısında 1,3% bahalaşdı.

Tramp da əslində dolları ucuzlaşdırmaq, dəyərsiz valyutaya çevirmək istəmir, sadəcə faiz dərəcələrini aşağı salmaq istəyir. Bilirsiniz ki, Amerikanın büdcə kəsiri var və dövlət borc alır. Bu borc dolların faiz dərəcəsinə uyğun götürülür. Ona görə də Tramp fikirləşir ki, faiz dərəcələri nə qədər aşağı olsa dövlət büdcəsinin faiz xərci bir o qədər azalacaq və daha ucuz borclanmaya gedib, bahalı borcları bağlayacaq. Yəni o, bu yolla dövlət büdcəsinin xərclərinə qənaət etmək istəyir. Ona görə də Tramp israrla faiz dərəcələrinin aşağı salınması siyasətini yürüdür. Amma bir nüans da var ki, Trampın ticari savaşı faiz dərəcələrinin aşağı düşməsinə mane olur. O istəyir ki, həm ticari müharibələrini davam etdirsin, həm də faiz dərəcələrinı aşağı salsın. Lakin bu iki iqtisadi siyasət bir yerdə alınmayacaq. FED rəhbəri dəfələrlə bəyan edib ki, əgər ticari müharibələr olmasaydı biz çoxdan faiz dərəcələrinin ucuzlaşmasına gedə bilərdik. Hazırda gözləyirlər ki, yeni tariflərin performansını izləyərək onun iqtisadiyyata potensial təsirlərini qiymətləndirsinlər. Daha doğlusu, yeni tariflərin inflyasiyaya təsirlərini müəyyənləşdirməyə çalışırlar.

Digər tərəfdən, faiz dərəcələrinin aşağı salınması Amerikada investisiya qoyuluşlarını stimullaşdıracaq, işgüzar fəallığı aktivləşdirəcək ki, Tramp da zatən buna çalışır.

Dövlətlərin Mərkəzi Bankları (ABŞ-da FED-red.) həmişə ona görə administrasiyadan ayrı olur ki, qısamüddətli siyasi maraqları balanslaşdırmaq mümkün olsun. Yəni iqtisadiyyat siyasi maraqlara qurban verilməsin. Donald Trampla Cerom Pauel arasındaki fikir ayrılığı da məhz bunun təzahürüdür".

Akif NƏSİRLİ

Seçilən
1
baki-xeber.com

1Mənbələr