Bakı, 29 iyul, AZƏRTAC
Britaniya və Avstraliyadan olan alimlər istifadəçinin fərdi xüsusiyyətlərini analiz edən və beyin stimulyasiyası sisteminin işini tənzimləyən süni intellekt texnologiyası hazırlayıblar. Bu sistem insanın diqqətini maksimal dərəcədə səmərəli şəkildə artırmağa imkan verir.
AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniyanın Surrey Universitetinin mətbuat xidməti məlumat yayıb.
“Müasir dünyada bir çox şeylər insanın diqqəti üstündə rəqabət aparır. Biz sübut edə bildik ki, bu qabiliyyəti təhlükəsiz və effektiv şəkildə artırmaq mümkündür. Bu məqsədlə insan ev şəraitində müstəqil şəkildə istifadə edə biləcəyi beyin stimulyasiya sistemindən yararlana bilər. Bu, idrak qabiliyyətlərinin və bacarıqlarının artırılması üçün yeni imkanlar açır”, – deyə Surrey Universitetinin professoru Roy Kadoş bildirib.
Tədqiqatçılar qeyd edirlər ki, son illər alimlər müəyyən beyin bölgələrinin aktivliyinin transkranial elektrik və ya maqnit stimulyasiyası ilə artırılmasının və ya zəiflədilməsinin üzərində sınaqlar keçirilən heyvanlar və könüllü insanlarda davranış və zehni qabiliyyətlərə əhəmiyyətli təsir göstərdiyini sübut edən çoxsaylı dəlillər əldə ediblər. Məsələn, alimlər bu metodla fərdlərin impulsiv davranışlarını idarə etməyi və onların riyazi bacarıqlarını yaxşılaşdırmağı öyrəniblər.
Lakin aparılan təcrübələr göstərir ki, stimulyasiyanın səmərəliliyi bəzi pasiyentlər üçün dəyişir. Bu fərqliliyin insan beyninin quruluş və funksional xüsusiyyətlərində olan fərqlərlə bağlı olduğu ehtimal edilir. Alimlər güman edirlər ki, bu problemi fərdin idrak qabiliyyətlərini və davranış xüsusiyyətlərini izləyən, stimulyatorun işini ona uyğun tənzimləyən xüsusi süni intellekt sistemi ilə aradan qaldırmaq olar.
Bu sistemin hazırlanması üçün tədqiqatçılar 18–35 yaş arasında olan yüzdən çox könüllünün dəstəyini alıblar. Onlar laboratoriyada diqqət testləri etməyə və beyindəki müəyyən natrium kanallarını aktivləşdirən təsadüfi elektrik siqnallarından (tRNS) istifadə edən yeni beyin stimulyasiyası sistemini sınaqdan keçirməyə razılıq veriblər. Təcrübələr zamanı alimlər könüllülərin baş ölçüsünü müəyyənləşdirdikdən və beyinlərinin MRT görüntülərini əldə etdikdən sonra digər fizioloji parametrlər toplanılıb. Bu məlumatlar süni intellektin öyrədilməsi üçün istifadə olunub.
Sistemin sonrakı testləri göstərib ki, o, diqqətini cəmləmək qabiliyyəti aşağı olan könüllülərdə bu bacarığı təxminən 10 faiz artırıb. Bu, hər kəsə eyni şəkildə tətbiq edilən klassik tRNS stimulyasiyası ilə müqayisədə təxminən iki dəfə yüksək göstəricidir. Alimlər ümid edirlər ki, bu cür süni intellekt əsaslı stimulyatorlar yaxın gələcəkdə istifadəçilərə təhsilə və işə daha yaxşı fokuslanmaq, ətraf mühitdəki önəmli hadisələri isə ikinci dərəcəli məlumatlardan ayırmaqda kömək edəcək.