“Gedişatın bu cür olacağını gözləmirdik”.

Bu sözləri Offsideplus.az saytına açıqlamasında “Şahdağ Qusar” komandasının kapitanı Rahid Əmirquliyev deyib.

35 yaşlı yarımmüdafiəçi ötən il İkinci Liqada çempion olan “Şahdağ Qusar”ın bütün futbolçularla müqaviləyə xitam verməsinə münasibət bildirib:

“Oyunçuların müqaviləsinin müddəti bir illik olduğu üçün xitam verilməsi normal haldır. Sadəcə problem odur ki, təzə müqavilələr bağlanmayıb.

Bizə öncədən deyilmişdi ki, hər şey yaxşı olacaq, I Liqa üçün hazırlıqlar görəcəyik. Ancaq müqavilələrin təzələnməməsi sonradan gündəmə gəldi.

Yenidən futbolçularla danışıqlar aparılmalıdır. Düzdür, bu barədə bir qədər gecikmişik. Demək olar ki, bütün klublar komplektləşib.

İstənilən halda nəsə edib ortaya çıxarmalıyıq. Artıq başqa klublara gedənlər var. Çalışacağıq ki, qalanlarla danışıqlar aparaq, gedənlərin isə yerini dolduraq.”

Əmirquliyev böyük ehtimalla klubun I Liqada mübarizə aparacağını da açıqlayıb:

“Rəhbərliklə hələ ki ətraflı söhbətimiz olmayıb. Yəni büdcənin nə qədər olacağı, yaxud da komandanın nə uğrunda oynayacağı bizə deyilməyib. Ancaq deyə bilərəm ki, komanda 99 faiz ehtimalla I Liqada çıxış edəcək. Bu yöndə işlər aparılır. Növbəti mövsümdə kapitan olub-olmayacağımı isə dəqiq bilmirəm, ancaq oynamaq istəyirəm. Komandaya kömək olmaq üçün əlimdən gələni etməyə hazıram.”

Qeyd edək ki, Rahid Əmirquliyev son 2 mövsümdə “Şahdağ Qusar”ın kapitanlıq sarğısını daşıyıb.