AZ

Lətif Novruzov: Avropa çempionluğu sayəsində daha da irəliləyəcəyik

BAKI, 29 iyul. TELEQRAF

“Təşkilatçılıq o qədər də yüksək səviyyədə deyildi. Amma bu, bizi heç də ruhdan salmırdı. Rəqiblərə qalib gələrək, qızıl medal qazana bildik”.

Bunu Teleqraf-a açıqlamasında Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin baş katibi Lətif Novruzov Xorvatiyanın paytaxtı Zaqrebdə tələbələr arasında futzal üzrə Avropa çempionu olmaları barədə danışarkən deyib.

Qurum rəsmisi Azərbaycan İdman Akademiyasının (AİA) komandasının qitə çempionluğu və ümumilikdə yarış barədə fikirlərini bölüşüb: “Əvvəlki illərdə olduğu kimi, bu il də 12 ölkədən 17 komanda təmsil olunurdu. Azərbaycan bir komanda ilə turnirə qatılmışdı. İki komanda ilə də iştirak imkanı var idi. İyulun 18-də Zaqrebdə olduq, ertəsi gün püşkatmadan sonra bizə istirahət verdilər. Yarışlara iyulun 19-da başladıq. Birinci oyunumuz İsveçrəyə qarşı oldu və 5:1 hesabı ilə qalib gəldik. Qrupda Fransanı da yendik. Birinci hissədə 2:4 hesabı ilə məğlub olsaq da, ikinci yarıda geridönüş edərək qalib gəldik - 5:4. Macarıstana isə 1:3 hesabı ilə uduzduq. Buna baxmayaraq, qrupdan birinci yerdə pley-off-a vəsiqə qazandıq. Finalda İspaniyanın Valensiya Universitetinə 7:2 hesabı ilə qalib gəldik”.

Novruzov əvvəlki illərə nisbətən bu il ölkələrin çox güclü komandalarla təmsil olunduğunu qeyd edib: “Buna baxmayaraq, AİA-nın komandası finalda da uğurla çıxış edərək turnirin qalibi oldu. Növbəti çempionat İtaliyada baş tutacaq. Orada da belə nəticələr göstərməyə çalışacağıq. Artıq 3-cü ildir ki, daxili liqa yaratmışıq. 12 universitet bu liqada iştirak edir. Həmin çempionatlarda özünü yaxşı tərəfdən göstərən gəncləri də seçib beynəlxalq oyunlara salırıq. Beynəlxalq yarış zamanı da Azərbaycanın tələbə futzalçıları öz performanslarını inkişaf etdiriblər. İlk dəfə 2023-cü ildə Xorvatiyanın Split şəhərində iştirak edərkən ölkələr arasında 5-ci, komandalar sırasında isə 7-ci yeri tutmuşduq. Ötən il Macarıstanda keçirilən çempionatda isə həm ölkələr, həm də komandalar arasında beşinci yerə layiq görüldük. Reytinq cədvəlində də irəliləmişdik. İndi reytinq cədvəlində daha da irəliləmiş olacağıq”.

Qeyd edək ki, tələbələr arasında Avropa Universitetləri Futzal Çempionatı 17 – 25 iyul keçirilib.

Seçilən
13
teleqraf.com

1Mənbələr