ABŞ və Avropa İttifaqı (Aİ) arasında ticarət razılaşmasından sonra tətbiq edilən 15 faizlik tariflər investor narahatlığına səbəb olub. Nəticədə Asiya səhm bazarlarında eniş qeydə alınıb.Metbuat.az xarici KİV-nə istinadən xəbər verir ki, Yaponiyada Nikkei indeksi 0.9 faiz, MSCI Asiya indeksi isə 0.8 faiz azalıb. Çin birjaları isə sabit qalıb. ABŞ dolları möhkəmlənib, avro isə 1.1587 səviyyəsində sabitləşib. "JP Morgan" analitiklərinin fikrincə, tarif artımı ABŞ-ın ticarət liderliyini zəiflədir və ölkədə iqtisadi geriləmə riskini artırır. Resessiya ehtimalı 40 faiz olaraq qiymətləndirilir.ABŞ Prezidenti Donald Tramp, tarifləri 15-20 faizə qədər artırmaqla bağlı xəbərdarlıq edib. Bu açıqlamadan sonra neft qiymətləri də artıb. Brent markalı neft 69.90, ABŞ nefti isə 66.60 dollar/barel olub.Qeyd edək ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu həftə faiz dərəcələrini dəyişməyəcəyi gözlənilir. ABŞ-də açıqlanacaq Ümumi Daxili Məhsul (ÜDM) və məşğulluq rəqəmləri bazarların əsas diqqətindədir.