Yazıçı Azad Qaradərəlinin əsərlərinin 9-cu cildi çapdan çıxıb..
Kulis.az xəbər verir ki, bu cildə müəllifin “Morq çiçəkləri”, “Dünyanın ən böyük adamı” romanları daxil edilib.
“Morq çiçəkləri”ndə ziddiyyətlərlə dolu müstəqil Azərbaycan cəmiyyətindəki başıpozuqluqlar, dərəbəylik və haqsızlıqlar ön plana çəkilmiş, keçid dövrünün keçib getmək istəməyən zillətlərindən bəhs olunub.
2017-18-ci illərdə qələmə alınan romanın birinci nəşrinin titul səhifəsində yazılır:
“Əsərdə ölü bir cəmiyyətin ölüb getmiş, ruhları küçələrdə dolaşan insanlarından və xəstəxananın morq binasında yaşamağa məhkum edilən,ölümünü gözləyən diri ölülərin – məcburi köçkünlərin ağır və acınacaqlı həyatından bəhs edilir. Həqiqətlə mistikanın qarışdığı əsərdə nəyin həqiqi, nəyin xəyali olduğunu bəzən ayırd etmək olmur. Axırda Morq məhəlləsinin dəlisi morqu yandırır. Ən dəhşətlisi isə odur ki, romanda insanların bir çoxu öləndən sonraitə çevrilirlər. Yurd-yuvasız küçə itlərinə… Bu, bir yazıçı mesajıdır əslində - yurd-yuvasız insaninsanlıqdan çıxır, cisminin də, ruhunun da məkanıolan yurd həsrətiylə dolaşır diyarbadiyar…”
İkinci romanda isə yazıçı anasının obrazının fonunda atasının, nənəsinin, babasının, müəllimlərinin, övladlarının və mövzu ilə əlaqəsi olan başqalarının da surətini ümumiləşdirmişdir. Romanda qabarıq verilən daha bir obraz da var – mühit. Digər obrazlar onun içindən keçərək yenilənirlər. Müəllif əsərdə ailələrinin başına gələn qaçqınlıq-köçkünlük faciəsinin vurduğu zədələri və buna qarşı dirənişi, işğalçılara nifrət hissini də oxucusuna aşılamağa çalışıb.
Hər iki roman ilk dəfə “Mücrü” nəşriyyatında ayrıca kitab şəklində çap olunub.
"Qanun" nəşriyyatında işıq üzü görən yeni cildin redaktorları Lətif Şüküroğlu və mərhum Fərzuq Seyidbəyli, tərtibçisi Türkan Azadqızıdır.
Kitabı yaxın günlərdə M.F.Axundov adına Milli Kitabxanadan, Akademiyanın kitabxanasından, ADPU-nun (əski APİ), Zəngilan, Şuşa rayonlarının kitabxanalarından əldə edib oxumaq olar.