Bəzi hallarda işçilərə maaşdan əlavə müəyyən məbləğdə pul ödənilir. Bu, əmək münasibətlərində tez-tez rast gəlinən bir praktikadır. Bəs kimlərə əməkhaqqından əlavə ödəniş verilir? Əmək məsələləri üzrə ekspert Asif Oruclu Metbuat.az-a açıqlamasında bildirib ki, əgər işəgötürən işçidən iş vaxtından artıq işləməsini tələb edirsə, bu halda ona əməkhaqqından əlavə ödəniş edilməlidir: “İş vaxtından artıq iş – işəgötürənin əmri və işçinin razılığı ilə əmək funksiyasının müəyyən olunmuş iş günü müddətindən artıq vaxtda yerinə yetirilməsi sayılır. Təbii fəlakətlər, istehsalat qəzaları və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, hərbi vəziyyət rejiminin təmin olunması, eləcə də tez xarab olan malların itkisinin qarşısını almaq məqsədilə işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir”. Mütəxəssis iş vaxtından artıq müddətdə görülən işin ödəniş qaydasını da izah edib: “Əməyin vaxtamuzd ödənilməsi sistemində saatlıq tarif (vəzifə) maaşının ən azı ikiqatı məbləğində; Əməyin işəmuzd ödənilməsi sistemində isə işəmuzd əməkhaqqı tam şəkildə ödənilməklə yanaşı, əlavə olaraq ən az müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşı məbləğində ödəniş nəzərdə tutulur”. Sevinc İbrahimzadə / Metbuat.az