AZ

İpoteka Fondunun vəsaiti 1 milyardı ötdü... Mənzil bazarında gözləntilər...


Elnur Fərzəliyev: “Nizamnamə kapitalının artırılması əmlak bazarında canlanmaya səbəb olacaq”

Prezident İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması ilə bağlı fərman imzalayıb.

Fərmana əsasən, Fondun nizamnamə kapitalı 1 milyard 68 milyon 400 min manatdan 1 milyard 153 milyon 400 min manata çatdırılıb. Artım məbləği olan 85 milyon manat 2025-ci il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçiriləcək.

Qeyd edək ki, bu qərarın icrası “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Qanununun tətbiqi ilə bağlı Prezidentin 2024-cü il 27 dekabr tarixli Fərmanında nəzərdə tutulan vəsaitlər çərçivəsində maliyyələşdiriləcək.

Maraqlıdır, İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması əmlak bazarına necə təsir edəcək?

“Əvvəlki illərdə ayrılan məbləğ bəlli şəxslərə bəs edirdisə, ancaq əmlak bazarında müşahidə olunan bahalaşma ev alqı-satqısına mənfi təsir edirdi”

Əmlak eksperti Elnur Fərzəliyev “Bakı-Xəbər”ə şərhində qeyd etdi ki, İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 85 milyon manat artıb: “Son üç ilin statistikasına nəzərə salsaq görərik ki, bu illər ərzində çıxarışla satılan əmlakların 60-70 faizi müxtəlif növ kredit şərtləri ilə satılıb. Bu əmlaklar ipoteka və digər formada kredit şərti ilə satılıb. Bu onu göstərir ki, əmlak alıcılarının böyük bir qismi ipoteka kreditinə üstünlük verir. Ancaq son zamanlar daşınmaz əmlak bazarında müşahidə olunan bahalaşma bu vəziyyəti əks istiqamətdə dəyişdirirdi. Son illərdə daşınmaz əmlakın bahalaşması nəticəsində vətəndaşların topladığı kapital onların mənzil ala bilməsinə kifayət etmir. Bu səbəbdən də İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılmasına ehtiyac var idi. Məsələn, əvvəlki illərdə ayrılan məbləğ bəlli şəxslərə bəs edirdisə, ancaq əmlak bazarında müşahidə olunan bahalaşma ev alqı-satqısına mənfi təsir edirdi. Hesab edirəm ki, nizamnamə kapitalının artırılması əmlak bazarında canlanmaya səbəb olacaq. Kapitalın artırılması ipoteka kreditlərinin həcminin genişlənməsinə, daha çox vətəndaşın ev sahibi olmasına şərait yaradacaq. Bu isə ipotekaya əlçatanlığı artıracaq”.

Günel CƏLİLOVA

Seçilən
15
baki-xeber.com

1Mənbələr