Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a açıqlamasında bildirib ki, 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) qlobal əhəmiyyət daşıyan mühüm tədbirlərdən biridir və onun ölkəmizdə keçirilməsi həm şəhər inkişafı baxımından, həm də sosial-iqtisadi perspektivlərə görə olduqca əhəmiyyətlidir.
Onun sözlərinə görə, müasir dövrdə forumun əhəmiyyəti daha da artıb, çünki bu gün dünyada 4 milyarddan çox insan – yəni qlobal əhalinin yarısından çoxu şəhərlərdə yaşayır. Proqnozlara əsasən, 2050-ci ilə qədər dünya əhalisinin 70%-i şəhər mühitində məskunlaşacaq:
"Forum 182-dən çox ölkədən çoxsaylı iştirakçıları Bakıya cəlb edəcək. Bu isə turizm sektoruna böyük töhfə verəcək, Bakının beynəlxalq turizm xəritəsindəki mövqeyini daha da gücləndirəcək, öz növbəsində qeyri-neft sektorunun inkişafına mühüm töhfə olacaq. Bakıda uzun müddətdir ki, qlobal çağırışlar - siyasi, iqtisadi, humanitar və iqlim məsələləri müzakirə edilir. Forum Azərbaycana öz şəhər inkişafı strategiyalarını beynəlxalq standartlara uyğunlaşdırmaq və dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün yeni yollar kəşf etmək imkanı verəcək."
Pərvanə Fərhadqızı