Oxu24.com xəbər verir ki, MSK sədrinin sözlərinə görə, artıq məntəqələrin 90,24 faizi üzrə nəticələr müəyyənləşib. Beləliklə, 1475 bələdiyyə üzrə məlumatlar hazırda MSK-nın bazasındadır.
Həmin tanınmış şəxslərdən biri də ictimai fəal Vəfa Nağıyeva idi. MSK-nın bazasında yerləşdirilən məlumata əsasən, V. Nağıyeva Neftçalanın Xol Qaraqaşlı bələdiyyəsinə 113 səslə üzv seçilib.
"Azadinform” saytının baş redaktoru Niyaz Niftiyev də Binəqədi qəsəbəsinin bələdiyyəsinə üzv seçilənlərdəndir. O, seçicilərin 3486 səsini toplayıb. Hazırkı nəticəyə əsasən liderdir.
31 saylı Suraxanı seçki dairəsindən Qaraxaçuxur bələdiyyəsinin üzvlüyünə namizəd olan bloqqer Mehman Hüseynovun adı isə açıqlanan ilkin siyahıda yoxdur.
Həmçinin Binəqədi qəsəbəsi bələdiyyəsinin üzvlüyünə namizəd olan gənc fəal Rəbiyyə Məmmədovanın da adı MSK-nın ilkin nəticələrində yer almayıb.
Qeyd edək ki, hazırda maraq doğuran üzvlərdən əlavə, bələdiyyə sədrlərinin necə seçilməsidir. Bu məsələ "Bələdiyyələrin statusu haqqında” qanunun 19-cu maddəsinin 3-cü bəndinə əsasən tənzimlənir. Belə ki, bələdiyyənin sədri yeni seçilmiş bələdiyyənin birinci iclasında bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunur.
www.anews.az