AZ

Hüquq müdafiəçisi məhkəmə zalında həbs olundu

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri Fikrət Cəfərli xüsusi ittiham qaydasında ona qarşı qaldırılmış şikayət əsasında həbs olunub.

Bizimyol.info xəbər verir ki, iyulun 29-da Binəqədi Rayon Məhkəməsində Fikrət Cəfərli haqqında hökm çıxarılıb. Hakim Zamiq Bağırovun sədrliyilə çıxarılan hökmə əsasən, hüquq müdafiəçisi Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsilə təqsirli bilinərək, 4 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Fikrət Cəfərli Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü Elvin Əliyev tərəfindən məhkəməyə verilib. Elvin Əliyev xüsusi ittiham qaydasında qaldırdığı iddiada Fikrət Cəfərlinin ona böhtan atdığını iddia edib. O, məhkəmədə çıxışınında da ona Cinayət Məcəlləsinin 147.1 maddəsinin sanksiyası həddində ən ağır cəzanın verilməsini xahiş edib.

Elvin Əliyevin böhtan hesab etdiyi məsələ isə İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin “Facebook” səhifəsində vaxtilə onun müvəkkili olmuş Elvin Allahverdiyevin onun haqqında şikayətin yayımlanmasıdır. Hazırda da həbsdə olan Elvin Allahverdiyev Prezident də daxil olmaqla, müxtəlif qurumlara ünvanladığı şikayət məktublarında yazıb ki, vəkili onun ailə üzvlərini aldadıb, 10 min 500 manat pullarını alıb. Onlara söz verib ki, məhkəmədə ona 1 il 6 ay cəza veriləcək. Lakin vədinə əməl etməyib. Ailəsi verilən pulu geri istəyəndə isə vəkil Elvin Əliyev onları hədələyib.

Vəkil Elvin Əliyev Fikrət Cəfərliyə qarşı şikayətində göstərib ki, onun rəhbərlik etdiyi təşkilatın Facebook səhifəsində bu məlumatın yayılması ilə ona böhtan atılıb, işgüzar nüfuzuna zərbə vurub.

Onu da əlavə edək ki, məhbusun şikayəti əvvəl jurnalist Arzu Abdullanın facebook hesbında yayılıb, İşgəncələr Əleyhinə Araşdırma Mərkəzi ona istinadən sonradan həmin məlumatı paylaşıb.

“Məhkəmənin hazırlıq iclasında Elvin Əliyev dedi ki, Arzu Abdulla profili real adam deyil, saxta profildildi. Jurnalist Arzu Abdulla məhkəməyə gəldi, biz onun dindirilməsini istədik. Bununla qarşı tərəfin yalan danışdığı sübut olunacaqdı. Təəssüf ki, məhkəmə vəsatətimizi təmin etmədi. Biz şikayətçi Elvin Allahverdiyevin də məhkəmədə dindirilməsini istədik. Ortada onun şikayəti var. Məhkəmə onu da dindirməkdən imtina etdi. Açıq-aşkar ədalətsiz proses oldu. Ağlı başında olan hər kəs başa düşür ki, bu məsələnin bizə aidiyyəti yoxdur. Çünki şikayətçi var, həmin şikayəti yayan jurnalist var. Bunun bizə nə aidiyyəti? Vətəndaşın şikayəti qalıb, araşdırılmır, biz məhkəməyə verilirik. Hakim də belə bir absurd iddianı icraata götürür. Aydın məsələdir ki, səbəb sifarişdir. Əlbəttə, Elvin Əliyev bu işdə heç kimdir. Məsələ Vəkillər Kollegiyasının sədri Anar Bağırovun bizə qarşı qərəzidir. Vəkilliyi miskin vəziyyətə saldığına görə onu tənqid edirik, xoşuna gəlmir. Anar Bağırov Məhkəmə Hüquq-Şurasının üzvüdür, bu statusundan da sui-istifadə istifadə edir”, - Fikrət Cəfərli hökmdən əvvəl açıqlamasında bildirib.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
bizimyol.info

1Mənbələr