Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
Bir zamanlar Bakının mərkəzində — Xəqani küçəsində, 33 nömrəli binada yerləşən redaksiyada çalışırdıq. Həmin illərdən təxminən 30 il keçir. O binadan da, oradakı redaksiyadan da əsər-əlamət qalmayıb. Amma yaddaşımda qalan bir hekayə bu gün də unudulmazdır. Hekayənin qəhrəmanı isə Bakı küləyinə inadkarlıqla sinə gərən bir xadimə — Nigar nənə idi.
O dövrlərdə “Tutan” informasiya agentliyinin əmakdaşı danışmışdı: Agentliyə ABŞ-dan ezam olunmuş bir jurnalist Nigar nənənin bir saat boyunca küləkdə necə yarpaq süpürdüyünü lentə almış və bu görüntüləri 13 dəqiqəlik reportaj şəklində özəl televiziyada yayımlamışdı. Reportaj amerikalı tamaşaçılar arasında böyük maraq doğurmuşdu — səbəb isə sadə idi: Nigar nənənin səbrlə, usanmadan, təmkinlə küləyin dağıltdığı yarpaqları yenidən-yenidən süpürməsi. O, vəzifəsini sadəcə yerinə yetirmir, əsl fədakarlıq nümayiş etdirirdi.
İllər keçdi. İndi hər kəsin cibində kamera var, sosial şəbəkələr vasitəsilə hər kəs bir “reportyor” ola bilər. Amma o ruh, o Nigar nənələrin əməyinə verilən dəyər getdikcə unudulur. Artıq belə insanları çəkən yoxdur — əksinə, onlara yük olanlar artır.
Parklarda, həyətlərdə “istirahət edən” insanlar yediklərinin, içdiklərinin qalıqlarını harada gəldi atıb gedirlər. İrad bildirəndə isə cavab bəsit və məsuliyyətsiz olur: “Təmizlikçi var, qoy o təmizləsin də!” Halbuki bu anlayışın özü həm ictimai mədəniyyət, həm də şəxsiyyət göstəricisidir.
Bu səhər həyətimizdə rusların “besedka”, bizim isə qeyri-rəsmi şəkildə “söhbətgah” dediyimiz bir guşədə acınacaqlı bir mənzərə ilə qarşılaşdım. Hər tərəf zibil içində idi. Xadimə hələ gəlməyib. Mən isə gözləmək imkanında deyildim. Ona görə də bu görüntünü çəkib ictimailəşdirməyə qərar verdim. Hədəfim kimisə ifşa etmək deyil, bir toplum olaraq harada səhv etdiyimizi göstərməkdir.
Cəmiyyətimizin mədəni səviyyəsi təkcə təhsil, texnologiya və ya iqtisadi göstəricilərlə ölçülmür. O, həm də küçəyə atılan zibilin miqdarı, təmizlik işçisinə olan münasibət və ictimai məkanlara göstərilən hörmətlə ölçülür.
Kor-oğlunun nəvələri, yediyiniz, içdiyiniz sizin olsun, amma zibillərinizi ortalıqda qoymayın. Unutmayın, o zibilləri bir zamanlar amerikalı jurnalistin reportajına mövzu olmuş Nigar nənə kimi fədakar insanlar təmizləyir. Onların əməyinə sayğı, əsl vətəndaşlıq nümunəsidir. Bir də, axı onu sizin ulu nənəniz Nigar təmizləyir.
Qadir Həzi, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.