İsmayıllı rayonu, Kürtmaşı kənd sakini Ceyhun İsgəndərov idarə etmədiyi avtomobilə görə cərimələnir.
Yeddi ay ərzində ona 7 cərimə protokolu gəlib.
Xezerxeber.az-ın məlumatına görə, Ceyhun İsgəndərov “Azərmaş” MMC-dən daxili lizinq vazitəsilə 2024-cü il iyun ayında maşın götürüb, lakin aylıq ödənişi edə bilmədiyi üçün avtomobili
bu ilin yanvar ayının əvvəlində təhvil verib. Bundan sonra vətəndaşın adına cərimələr gəlməyə başlayıb.
Ceyhun İsgəndərov məsələ ilə əlaqədar aidiyəti qurumlara müraciət etsə də problem həll edilməyib. Cərimələrin məbləği isə hər keçən gün daha da artır.
Baş Dövlət Yol Polisi İdarəsindən “Xəzər Xəbər”ə bildirilib ki, şikayətçi Ceyhun İsgəndərova “Azərmaş” MMC şirkəti tərəfindən onlayn qaydada yol vərəqələri verilib. Mərkəzi informasiya sisteminə daxil edilən həmin məlumat əsasında sözügedən nəqliyyat vasitəsi ilə törədilən qayda pozuntuları foto və qeydiyyat funksiyasına malik xüsusi texniki vasitələrin köməyi ilə qeydə alındıqda inzibati tənbeh vermə haqqında elektron qərarlar Ceyhun İsgəndərov haqqında çıxarılır. Belə olan halda tərəflərin BDYPİ-yə rəsmi müraciəti əsasında müvafiq araşdırma aparılır və problemin aradan qaldırılması üçün müvafiq addımlar atılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.