AZ

Ürək xəstələri idman edə bilərmi?

Ürək böhranı və ya bypass əməliyyatı keçirmiş bir xəstə üçün idman bərpa prosesinin vacib hissəsidir. Lakin bu fəaliyyətlər nəzarətsiz və plansız olarsa, fayda əvəzinə zərər verə bilər.

E-saglam.az xəbər verir ki, ürək damar cərrahı Prof. Dr. Bingür Sönməz bu mövzuda vacib tövsiyələr verir.

Məşq həyat qurtara bilər, amma…

Ürək xəstələrinin idmanla məşğul olması mümkündür. Doğru yanaşma ilə bu məşqlər həyat keyfiyyətini yaxşılaşdıra və xəstəliyin təkrarını azalda bilər. Amma fiziki fəaliyyət fərdi şəkildə planlaşdırılmalı və həkim nəzarətində aparılmalıdır.

Nə vaxt başlamaq olar?

Əgər xəstə fəsadsız infarkt keçiribsə və ya maneəsiz bypass əməliyyatı olubsa, 1-2 həftə ərzində yüngül gəzintilərlə fiziki fəaliyyətə başlaya bilər. Əsas idman proqramına isə adətən 3-4-cü həftədən etibarən başlanılır. Əgər ürək çatışmazlığı, aritmiya və ya digər problemlər varsa, bu müddət daha da uzadıla bilər.

Başlamazdan əvvəl yoxlanış vacibdir

İdmana başlamazdan əvvəl xəstənin ürək funksiyası EKO və ya EKQ ilə yoxlanılır. Gərək olarsa, Holter monitorinqi, stress testi, qan təzyiqi və nəbz ölçüləri ilə risk dəyərləndirməsi aparılır.

Mütləq çəkinilməli olanlar:

Ağır yük qaldırmaq, avtomobil itələmək kimi qarın içi təzyiqi artıran hərəkətlər

Qəfil sürətli hərəkətlər tələb edən idman növləri (futbol, tennis və s.)

Aorta anevrizması, ciddi ürək çatışmazlığı və aktiv iskemik ürək xəstəliyi olan şəxslər üçün həkim nəzarəti olmadan idman qadağandır

Bu əlamətlərlə rastlaşsanız, məşqi dərhal dayandırın:

Nəfəs darlığı

Sinə ağrısı

Başgicəllənmə

Ürək döyüntüsü

Ani yorğunluq

Soyuma mərhələsini unutmayın:

İdmandan sonra 5-10 dəqiqə yüngül tempdə gəzinti ilə bədəni soyutmaq vacibdir.

Ürək xəstələri üçün mərhələli məşq planı

1. Xəstəxana mərhələsi (1-ci həftə)Məqsəd: Fəsadların qarşısını almaq və qan dövranını yaxşılaşdırmaqFəaliyyətlər:

Yataqda yüngül hərəkətlər

Oturub qalxma, az məsafədə gəzinti (2-5 dəq)

Nəfəs məşqləriTezlik: Gündə 2-3 dəfə, 5-10 dəqiqə

2. Ev mərhələsi (ilk 6 həftə)Məqsəd: Funksional qabiliyyəti artırmaq və özünəinamı gücləndirməkFəaliyyətlər:

Gündə 10-15 dəqiqə yavaş gəzinti (həftədə 5 gün)

Yüngül ev işləri

Gərmə və əyilmə hərəkətləri

Evdə pedal velosipedi (aşağı müqavimət)

3. 6-cı həftədən sonraMəqsəd: Ürək sağlamlığını qorumaq və bədən formasını yaxşılaşdırmaqFəaliyyətlər:

Daha sürətli yerimə

Maili yolda gəzmə

Stasionar velosiped

Üzgüçülük (həkim icazəsi ilə)Tezlik: Həftədə 4-5 gün, 30-45 dəqiqə

4. 3-cü aydan sonraİdman gündəlik həyata daxil edilə bilər. Yüngül çəkilərlə məşqlərə başlanıla bilər (1-2 kq). Gəzinti klubları və ya qrup məşqləri motivasiya və davamlılıq üçün faydalı ola bilər.

Unutmayın: İdman həyat tərzi olmalıdır, amma ürək xəstələri üçün bu, mütləq həkimlə razılaşdırılaraq edilməlidir. Özünüzlə rəqabət aparmayın, bədənin siqnallarını dinləyin.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
10
e-saglam.az

1Mənbələr