AZ

Xameneinin adamı qoymadıq dedi, Pezeşkian oxları Bakıya çevirdi İranı ikiyə ayıran Zəngəzur PLANI

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Azərbaycan–İran münasibətləri heç vaxt tam sabit olmayıb. Xüsusilə Tehranın provokativ açıqlamaları və atdığı qıcıq doğuran addımlar ikitərəfli münasibətləri tez-tez gərginləşdirib. İran Prezidenti Məsud Pezeşkianın hakimiyyətə gəlişi və Azərbaycana səfəri, eləcə də Bakı-Tehran münasibətlərini normallaşdırmaq cəhdləri ilk baxışdan pozitiv siqnal kimi dəyərləndirilə bilər. Lakin paralel olaraq, İran rəsmilərinin, din xadimlərinin və media resurslarının şər, böhtan xarakterli və açıq-aşkar provokativ çıxışlarının davam etməsi vəziyyəti yenidən qeyri-müəyyən və ziddiyyətli hala gətirir.

İranın ali rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi ardıcıl neqativ fikirlər bu kontekstdə xüsusilə diqqət çəkir. Məsələn, Vilayəti iddia edir ki, Zəngəzur dəhlizinin yaradılmasının qarşısını məhz İran alıb:

“İran heç vaxt indiki qədər güclü, müstəqil və nüfuzlu olmayıb. Bu gücün bariz əlamətlərindən biri də İranın Cənubi Qafqaz regionundakı böhrana tez və qətiyyətlə reaksiya verməsidir. Bəzi ölkələr Zəngəzur dəhlizini – mahiyyətcə parçalanma layihəsi kimi – yaratmaq və İranın Avropaya gedən dəhlizini bağlamaq bəhanəsi ilə Naxçıvanı Ermənistan üzərindən Azərbaycanla birləşdirməyə cəhd edəndə, İran qəti şəkildə bu plana qarşı çıxdı və onun həyata keçirilməsinə mane oldu”.

Vilayəti daha sonra Zəngəzur dəhlizinin məqsədinin yalnız İranı şimal istiqamətindən təcrid etmək yox, eyni zamanda Rusiyanı cənubdan mühasirəyə almaq olduğunu iddia edir. Onun mövqeyi əslində təəccüblü deyil, çünki bu, illərdir İranın dilə gətirdiyi ənənəvi geosiyasi tezislərin davamıdır. Lakin maraqlı məqam odur ki, Vilayəti bu iddiaları Bakı-Moskva münasibətlərinin gərgin, Ermənistanla sülh danışıqlarının isə nisbətən müsbət məcrada davam etdiyi bir dönəmdə səsləndirir.

Əli Əkbər Vilayətinin mövqeyindən fərqli olaraq, İran Prezidenti Məsud Pezeşkian daha pozitiv və praqmatik mesajlar verir. O, Şimal-Cənub dəhlizinin tamamlanmasının Tehran üçün sanksiyalardan çıxış yolu ola biləcəyini vurğulayır:

“Əgər mövcud imkanlardan istifadə edərək İranın Şimal-Cənub dəhlizini aça bilsək, Özbəkistan, Türkmənistan, Rusiya və Azərbaycan arasında yaranacaq nəqliyyat marşrutu sensasiya olacaq. O zaman bizi sanksiyalara məruz qoymaq mümkün olmayacaq”.

Həmçinin oxuyun:

Regionda yeni gərginlik yaşana bilər – Təhlükəsizlik eksperti

Diqqətçəkən məqam ondan ibarətdir ki, Pezeşkianın sanksiyalardan çıxmaq üçün əsas alternativ kimi gördüyü Şimal-Cənub dəhlizində də Azərbaycanın rolu açardır. Bu isə Əli Əkbər Vilayətinin ciddi şəkildə tənqid etdiyi, qarşı çıxdığı Zəngəzur dəhlizindən o qədər də fərqlənmir. Hər iki layihənin mərkəzində Azərbaycan dayanır.

Əslində İranda prezidentlə ali dini rəhbərlik arasında fikir ayrılığı mümkünsüz deyil, əksinə, bu, ölkənin siyasi sisteminin öz təbiətindən qaynaqlanır. Bu ziddiyyət açıq qarşıdurma formasında olmasa da, prioritetlər və baxışlarda aydın şəkildə görünür.

Prezidentlər daha çox daxili idarəetmə və iqtisadi məsələlərlə məşğul olduqları halda, xarici siyasət, xüsusilə də Cənubi Qafqaz kimi həssas bölgələrlə bağlı əsas söz dini rəhbərliyə məxsusdur. Bu səbəbdən, biz bir tərəfdən əməkdaşlıq və dialoq çağırışları eşidirik, digər tərəfdən isə qarşıdurma və təhlükə ritorikasına şahid oluruq.

Əli Əkbər Vilayəti və ona yaxın çevrələrin yanaşması daha çox İranın “dirəniş cəbhəsi” konsepsiyasına xidmət edir. Bu çevrələr Qərbin və NATO-nun regiona təsirinin qarşısını almağa çalışmaqla yanaşı, türk dövlətlərinin yaxınlaşmasını da strateji təhlükə kimi görür. Xüsusilə də Azərbaycanın Naxçıvanla birləşməsi onların geosiyasi xəritəsində “qırmızı xətt” sayılır. Bu da Tehranın köhnə panfarsist yanaşmasının davamı olaraq qəbul edilə bilər.

Bütün bu ziddiyyətlərin mahiyyətində ideoloji və sistematik məsələlər dayanır. İranın siyasi arxitekturası paralel və bəzən bir-birinə zidd mövqelərin eyni anda ifadə olunmasına imkan verir. Nəticədə isə ölkənin rəsmi mövqeyi çox zaman ziddiyyətli, qeyri-müəyyən və etibarsız görünür.

Azərbaycan məhz buna görə İranla münasibətləri müəyyən balansda saxlayır. Yəni Tehran ilə gərginlik Bakıya sərf etmədiyi kimi, İranın sərt ritorikasına da səssiz qalmırıq.

Turan Rzayev

Globalinfo.az-ın siyasət yazarı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
globalinfo.az

1Mənbələr