AZ

Türkiyə XİN İsrailə qarşı tədbirləri nəzərdə tutan bəyanata qoşulub

BAKI, TurkicWorld

Türkiyə, Kolumbiya Xarici İşlər Nazirliyinə rəsmi nota göndərərək Lahey Qrupunun Boqotada qəbul etdiyi, İsrailə qarşı nəzərdə tutulan tədbirləri əks etdirən Ortaq Bəyanata qoşulub.

TurkicWorld xəbər verir ki, Türkiyə sənədin ikinci və üçüncü maddələrində Birləşmiş Millətlər Təşkilatının Dəniz Hüququ üzrə Konvensiyasına (BMDHS) edilən istinadlara dair şərh təqdim edib.

Rəsmi Ankara bu bəyanatın BMDHS ilə bağlı mövcud hüquqi mövqeyinə heç bir dəyişiklik gətirmədiyini vurğulayıb. Şərh yalnız qeyd olunan maddələrdəki BMDHS istinadlarına aiddir və digər hissələri əhatə etmir.

Sözügedən maddələrdə qeyd olunur ki, əgər İsrailə silah və hərbi sursat daşınması ehtimalı varsa, limanlar və dəniz suları bu fəaliyyətlərə vasitəçilik etməməli, həmçinin həmin ölkənin bayrağını daşıyan gəmilərin bu cür daşımaları həyata keçirməsinin qarşısı alınmalıdır. Həmçinin vurğulanır ki, bütün bu tədbirlər BMDHS da daxil olmaqla beynəlxalq hüquq normalarına uyğun şəkildə həyata keçirilməlidir.

Bogota Bəyanatında ayrıca bir fəaliyyət planı yoxdur, sənəddə İsrailə qarşı görülməsi planlaşdırılan tədbirlər sadalanır.

İyulun 25-də Türkiyə xarici işlər naziri Hakan Fidan "NTV" telekanalına verdiyi müsahibədə bəyanatda Türkiyənin imzası olmadığına dair iddiaları təkzib edib. O bildirib ki, sənəddə BMDHS-yə istinadlar yer alsa da, Egey dənizinin statusu hələ müəyyənləşmədiyi üçün Türkiyə bu Konvensiyanın tərəfi deyil. Fidan əlavə edib ki, hüquqşünaslarla aparılan məsləhətləşmələr nəticəsində sənəddəki BMDHS hissəsinə izah verilib və ümumilikdə sənədə qoşulmaqda hüquqi baxımdan hər hansı problem görülmür.

Qeyd edək ki, 1982-ci il tarixli bu konvensiya, okeanlar üçün ümumbəşəri hüquq norması olaraq hazırlanıb. Lakin Egey dənizi kimi yarı qapalı və tarixi-coğrafi xüsusiyyətlərə malik akvatoriyaların spesifik vəziyyətlərini nəzərə almır. Türkiyə bu Konvensiyanın xüsusilə 3-cü, 33-cü və 121-ci maddələrinin Egey dənizindəki maraqlarına zidd olduğunu bildirərək, sənədə tərəf olmamışdır.

Əgər BMDHS Egey dənizində tətbiq olunsa, Yunanıstanın sahilboyu sularını 12 dəniz milinə qədər genişləndirməsi və bunun nəticəsində dənizin 70 faizinə nəzarət etməsi riski yarana bilər.

Məhz bu səbəbdən Türkiyə təkcə Konvensiyaya qoşulmaqdan deyil, ona istinad edən beynəlxalq sənədlərə də ehtiyatla yanaşır. Bu mövqe, Konvensiyanın müvafiq maddələrinin beynəlxalq adət hüququna çevrilməsinin qarşısını almağa yönəlib.

Seçilən
3
turkic.world

1Mənbələr