Arzuxan Əlizadə: “Rusiya bunu pozmaq gücündə deyil”
Ukraynanın “Naftoqaz Ukrainı” milli səhmdar cəmiyyəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə qaz alqı-satqısına dair ilk müqavilə imzalayıb.
“Naftoqaz Ukrainı” milli səhmdar cəmiyyətinin yaydığı məlumata görə, Bolqarıstan-Rumıniya-Ukrayna sərhədi marşrutu üzrə Trans-Balkan dəhlizi ilə ilk dəfə sınaq qaz təchizatı həyata keçirilir.
“Bu, uzunmüddətli əməkdaşlığa yol açan kiçik, lakin strateji əhəmiyyətli addımdır. Həm də təchizat mənbələrinin şaxələndirilməsi və Ukraynanın enerji təhlükəsizliyinin gücləndirilməsinin daha bir nümunəsidir”, - deyə “Naftoqaz” İdarə Heyətinin sədri Sergey Koretski bildirib. O da məlum olub ki, Rusiyanın qaz infrastrukturunu atəşə tutması səbəbindən Ukrayna qaz hasilatını azaldıb. Bu il Ukrayna Avropadan böyük həcmdə qaz idxal etmək məcburiyyətində qalacaq.
Maraqlıdır, Rusiyanın buna qarşı təxribatları nə ola bilər? Bu, Rusiyanın Azərbaycana qarşı siyasətini daha da aqressivləşdirə bilərmi?
“Düzdür, həcm baxımdan ixrac edilən qaz böyük olmasa da, bunun strateji əhəmiyyəti var”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə hesab edir ki, Rusiya Azərbaycanın bu addımına müsbət yanaşmasa da, bu, nəyisə dəyişə bilməyəcək: “Təbii ki, Azərbaycanın bu addımı Rusiyada müsbət qarşılanmayacaq. Artıq deputat Konstantin Zatulin buna görə Azərbaycanı hədəf alıb. Ancaq hansı ölkəyə qaz ixrac etməyimiz Azərbaycanın daxili işidir. Düzdür, həcm baxımından ixrac edilən qaz böyük olmasa da, bunun strateji əhəmiyyəti var. Bu onu göstərir ki, Azərbaycan işğala məruz qalmış Ukraynanın yanındadır. Necə ki, illər əvvəl Azərbaycan Gürcüstanın Rusiya tərəfindən enerji blokadasına alınmasına imkan vermədi, bu gün də Ukrayna ilə bağlı bənzər siyasət yeridir. O baxımdan hesab edirəm ki, Azərbaycan tərəfindən Ukraynaya qaz ixracı kifayət qədər cəsarətli qərardır. Xüsusən də indiki məqamda. Söhbət ondan gedir ki, Azərbaycan-Rusiya münasibətlərinin kifayət qədər gərgin olduğu bir dövrdə belə bir qərar verilir. Ümumilikdə bu, Azərbaycanın müstəqil xarici siyasət kursunun tərkib hissəsidir. Azərbaycanın bu təşəbbüsü postsovet məkanında Rusiyaya qarşı mövqe tutan dövlətlər arasında iqtisadi, xüsusilə də enerji sahəsində əməkdaşlığın nümunəsi kimi də qiymətləndirilə bilər. Hesab edirəm ki, Azərbaycanın bu cəsarətli addımından sonra Orta Asiya ölkələri də öz qazını Avropa bazarlarına çıxarmaqla bağlı ciddi qərarlar qəbul edə bilərlər. Rusiya bunu pozmaq gücündə deyil. Ən azından ona görə ki, qaz Rusiya üzərindən Ukraynaya ixrac edilməyəcək. Üstəlik, Rusiya digər pozucu addımlara əl atsa, qarşısında Türkiyəni görəcək. Nəzərə almaq lazımdır ki, Rusiya bəzi Avropa ölkələrinə Türkiyə vasitəsi ilə qaz ixrac edir. Türkiyə bunu dayandırsa, bunun iqtisadi nəticələri Rusiya üçün ağır olacaq”.
Vidadi ORDAHALLI