Rəsmiyyə Mehdiyeva: “Oğlum Vətən torpaqlarının müdafiəsi uğrunda qəhrəmancasına şəhid olub. Biz onun qəhrəmanlığı ilə fəxr edirik”
Qəhrəmanlar əbədiyən yaşayırlar. Bu, gəlişi gözəl söz deyil, bir gerçəklikdir. Əbədi yaşamaq haqqı qazanan Azərbaycan oğullarından biri də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan 66 nəfər hərbi qulluqçusundan biri olan baş çavuş Mehdiyev Surxay Zülfi oğludur.
Surxay Mehdiyevin anası Rəsmiyyə Mehdiyeva ilə Qubada yaradıcılıq ezamiyyətində olarkən tanış olduq. Respublika Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi “44 gün-Tarixi zəfər” kitabının II və III cildlərinin təqdimat mərasiminə Rəsmiyyə ana da gəlmişdi. Oğul həsrətindən saçları ağarsa da, qürurlu və mətin görsənirdi, gözləri ağlasa da özünü tox tutmağa çalışırdı, səsindəki kövrəklik və tikrəklik ananın hansı ağrıları yaşadığını büruzə verirdi.
“Yolunu gözləməkdən gözümün kökü saralıb, hər gün gözüm saatda qalır”
“Ay Bakıdan gələn jurnalist, mənim oğlumdan da yaz. Mənim oğlum gerçək bir qəhrəman olub, döyüş yoldaşları, komandiri, onu tanıyanlar hamısı Surxayımdan ürək dolusu danışır, onun qorxmaz, cəngavər bir oğul olduğunu deyirlər. Surxay ön çərgələrdə olub həmişə, amma oğlumun qəhrəmanlığı, şücaəti lazımı qədər təbliğ olunmur”. Rəsmiyyə ana deyir bunları. Səsi elə titrəyir ki, adamın ürəyi qan ağlayır.
Rəsmiyyə ana, sənin oğlun Surxayın şücaəti, qoçaqlığı, vətənpərvərliyi heç zaman unudulmur, qələmə alınır, dildən-dilə gəzir.
Ana oğlunun qısa, lakin mənalı və cəsurluq dolu ömür yolundan danışır. “Biz əslən qarabağlıyıq, Ağdam rayonunun Xıdırlı kəndindənik. Amma taleyimizə qaçqınçılıq yazıldı, öz el-obamızdan didərgin düşdük, Qubada məskunlaşdıq”-deyir ana.
Surxay 1985-ci il dekabrın 7-də Ağdam rayonunun Xıdırlı kəndində anadan olub. Zülfi Mehdiyev və Rəsmiyyə Mehdiyevanın üç övladından biri - ortancılı Surxaydır. O Surxay ki, canını, həyatını torpaqlarımızın azadlığı uğrunda qurban verdi.
Bildirək ki, Mehdiyevlər ailəsi 1993-cü il iyulun 23-də Ağdam rayonu işğal olunduqdan sonra məcburi köçkün həyatını yaşamağa başlayıb. Surxay haqqında yazılan məqalələrdən birində belə deyilir: “Əvvəlcə Bakıya köçüblər, sonra isə Quba rayonunda məskunlaşıblar. Doğma yurdun düşmənin əlinə keçməsinin yaratdığı sarsıntı və məcburi köçkün həyatının əziyyətləri uşaq yaşlarından Surxayın yaddaşında silinməz iz qoyub”.
Rəsmiyyə ana dedi ki, Surxayın qəhrəmanlığının kökü var və adını daşıdığı babası Surxay Mehdiyev II Dünya müharibəsində iştirak edib, faşistlərə qarşı vuruşub, bir sıra orden və medallara layiq görülüb. “Surxayın babası müharibədən qayıtdıqdan sonra uzun müddət məktəb direktoru vəzifəsində çalışıb, Xıdırlı kəndinin hörmətli ağsaqqallarından biri olub”.
Ana deyir ki, Ağdamda doğulsa da, Quba şəhərində yerləşən şəhid Hacıbaba Əliyev adına 1 saylı tam orta məktəbin məzunudur. “Surxay uşaq yaşlarından idmana böyük maraq göstərib. Əvvəlcə taekvondo idman növü ilə məşğul oldu, sonra idmanın kikboksinq, karate, futbol, şahmat kimi növlərinə də meyl edib. Müxtəlif yarışlarda iştirak edib, qalib gəlib, yerlər tutub, diplom, fərman və medallarla mükafatlandırılıb. Surxay böyük həvəslə şahmat oynayırdı. Özündən yaşca kiçik qardaşı Elmirin şahmat üzrə fəaliyyətinə hər zaman dəstək verirdi”.
Rəsmiyyə ana deyir ki, Surxay xaraktercə təmkinli, təvazökar, cəsarətli bir oğul olub, heç zaman gördüyü işlərlə öyünməyib, bunu özünün ümdə vəzifəsi bilib: “Surxay heç zaman özünü tərifləməzdi, çox təvəzökar idi.
Ana bildirir ki, Surxay hərbi xidmətdə də həmişə fərqlənib, yoldaşlarına nümunə olub.
Oğlunun DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində yarımqrup komandiri vəzifəsində xidmət etdiyini deyən ana bildirdi ki, Vətən müharibəsində də böyük şücaətlər göstərib”.
Surxay haqqında yazılanlara diqqət edək:
2020-ci ilin sentyabr ayının 27-də Silahlı Qüvvələrimiz erməni işğalçılarının təxribatlarına cavab olaraq ön cəbhə boyu əks-hücuma keçib. Vətən müharibəsinin ilk günündən Daxili Qoşunların xüsusi təyinatlıları düşmənə qarşı döyüşə başlayıblar.
“N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin hərbi qulluqçuları ön cəbhədə ayrı-ayrı qrupların tərkibinə bölünərək müxtəlif istiqamətlərdə döyüş tapşırıqlarının yerinə yetirilməsinə cəlb olunublar. Surxayın döyüş yolu Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının ərazilərindən keçib. Düşmənin müdafiə xəttinin yarılması, onun mövqelərinin ələ keçirilməsi, bir sıra yaşayış məntəqələri və yüksəkliklərin işğaldan azad olunması uğrunda döyüşlərdə qətiyyətlə vuruşub, avtomat silahı ilə onlarla işğalçını məhv edib. Nəzarətimizə keçən ərazilərdə mövqe tutduqları postların müdafiəsində o və silahdaşları möhkəm dayanıblar.
Vətən müharibəsi iştirakçısı, Quba rayonunda yerləşən “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstə komandirinin tərbiyə işləri üzrə müavini kapitan Əhməd İsmayılov məlumat verib ki, Surxay hərbi xidməti dövründə əzmkarlığı, icraçılığı, özünə qarşı tələbkarlığı ilə fərqlənib, silahdaşlarının hörmətini qazanıb. Təhkim olunan silahların xüsusiyyətlərini mükəmməl bilib, atəş və fiziki hazırlığının təkmilləşdirilməsi üçün daim öz üzərində çalışıb.
2020-ci il oktyabrın 19-da Füzuli-Xocavənd istiqamətində (bəzi döyüşçülər bu ərazinin Cəmilli kəndinin yaxınlığında olduğunu deyirlər) gedən döyüş zamanı onun və digər hərbi qulluqçularımızın yerləşdikləri mühüm mövqenin düşmən tərəfindən müxtəlif çaplı silahlardan şiddətli atəşə tutulması nəticəsində güllə və mərmi qəlpələrindən ağır yaralanaraq şəhid olub. “Oğlum Vətən torpaqlarının müdafiəsi uğrunda qəhrəmancasına şəhid olub. Biz onun qəhrəmanlığı ilə fəxr edirik. Oğul itkisinə dözmək çətindir, təsəllim odur ki, Vətən yolunda canını qurban verib”-deyir ana.
Məlumata görə, 2020-ci il oktyabrın 25-də tərtib edilən ölüm haqqında şəhadətnamədə Surxayın 19.10.2020-ci ildə Füzuli rayonu ərazisində, hərbi əməliyyat nəticəsində odlu silahla törədilmiş zədələnmələr, bud arteriyasının travması səbəbindən şəhid olduğu yazılıb.
2020-ci il oktyabrın 24-də Quba şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub. Prezident İlham Əliyevin 15.12.2020-ci il, 24.12.2020-ci il tarixli müvafiq sərəncamları ilə baş çavuş S.Mehdiyev ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Ana danışır ki, Surxayın iki övladı yadigar qalıb.
“Qızı atası ilə çox fəxr edir. Atası şəhid olanda 5 yaşı vardı, amma oğlunun 1 yaşı tamam olmamışdı.
Uşaqları ataları haqqında tez-tez suallar verirlər, onun haqqında daha çox öyrənmək istəyirlər. Yolunu gözləməkdən gözümün kökü saralıb, hər gün gözüm saatda qalır. Çox vaxt Surxay axşam 8-in yarısı evə gəlirdi. İşləri çox olanda, təlimlərə gedəndə gecə saat 12-yə qədər yatmayıb yolunu gözləyirdim. Onun günü Qubanın dağlarında keçib. Surxayın həyat yoldaşı və övladları mənimlə bir yerdə yaşayırlar, birgəyik. Surxayın xatirəsini birgə yaşadırıq. Allah mənə nə qədər ömür verib, çalışacağam ki, həmişə Surxayın yadigarlarına həyan olam. Surxay ailəsinə, övladlarına çox bağlı idi. Uşaqlar nə istəyir əmiləri onu yerinə yetirir”.
Ana deyir ki, Surxayın yadigarları onun adına layiq böyüyür.
Quba şəhərindəki küçələrdən biri şəhidin adını daşıyır. “Qələbə şəhidləri”, “Qarabağ Azərbaycandır! Zəfər yolumuzdur”, “44 günlük tarixi möcüzə (Qubanın Vətən müharibəsi şəhidləri)” kitablarında Surxay haqqında məlumatlar öz əksini tapıb. Şəhid haqqında bir neçə şeir yazılıb, mahnı da bəstələnib. Ananın sözlərinə görə, bu şeirlər, mahnılar oğlunu yaşadır və onun adını gələcək nəsillərə daşıyır. Ana Respublika Xatirə Kitabı Redaksiyasına da təşəkkürünü bildirdi, dedi ki, bu redaksiya heç bir şəhidi unutmur və onların ailələrinə təsəlli olan töhfələr verir...
Rəsmiyyə ananı dinləmək, onun oğlu haqda danışdıqlarını eşitmək doğrudan da adamı kövrəldir...Təsəlli odur ki, Surxayın çırağını yandıran oğlu və qızı, onun adını, qəhrəmanlıq dastanını yaşadan xalqı var. Bir də yolunu hər an gözləyən, “balam indi gələcək” deyib doqqaza göz dikən ağsaçlı anası, vəfalı ömür yoldaşı var.
İradə SARIYEVA
Quba-Bakı