AZ

Paşinyan Putindən yeni tapşırıq alıb? - “İrəvanda Arsax bayraqları qaldırın”...


Ramil Məmmədli: “Bu, Ermənistanda Rusiyayönümlü qüvvələrin fəallaşması ilə bağlı ola bilər”

Ermənistan hökuməti iyunun 26-da “Qarabağa aid rəmzlərin” və “bayraqlar”ın açıq şəkildə istifadəsinə yenidən icazə verib. Belə ki, İrəvanın Respublika meydanında keçirilən genişmiqyaslı tədbirdə Qarabağla bağlı “simvollar” yenidən görünməyə başlayıb.

Maraqlı olan odur ki, bu qərar baş nazir Nikol Paşinyanın Rusiyaya səfərindən dərhal sonra qüvvəyə minib. Halbuki, iyulun 12-də Prezident İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdən sonra İrəvan Qarabağ ermənilərinin bayraq və digər simvollarla yürüş keçirməsini qadağan etmişdi.

Göründüyü kimi, Paşinyan Rusiyadan qayıdan kimi, separatçı simvollara yenidən meydan verilir.

İkinci ehtimal o ola bilər ki, İrəvan gərginləşən Rusiya-Azərbaycan münasibətlərindən maksimum yararlanmaq istəyir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Ramil Məmmədli bunların arasında əlaqənin olmasına birmənalı yanaşmadı: “Birmənalı olaraq demək çətindir ki, bu, Rusiyada Paşinyanla razılaşdırılıb. Bəli, Rusiya uzun illər Qarabağ kartından hər iki ölkəyə qarşı istifadə edib. 2023-cü ilin sentyabrında Qarabağda keçirilən antiterror əməliyyatlarından sonra separatçıların bir qismi həbs edildi, digər tör-töküntülər isə Ermənistana sığındılar. Düzdür, bir ara onlar Ermənistanda təşkilatlanmağa çalışdılar, amma Paşinyan sonra buna imkan vermədi. Çünki yaxşı bilirdi ki, Rusiya bir gün onların əli ilə Ermənistanda hakimiyyəti devirəcək. Təsadüfi deyil ki, Paşinyan, başda Ruben Vardanyan olmaqla, Bakı həbsxanasında olan digər separatçıların həbsdə qalmasında maraqlıdır. Çünki onlar həbsdən çıxsa Paşinyanın başına bəla olacaqlar. Separatçı rəmzlərin ictimai tədbirlərdə istifadə edilməsi Rusiyayönümlü qüvvələrin fəallaşması ilə bağlı ola bilər. Çünki son vaxtlar kilsə tərəfdarları ilə revanşistlər hakimiyyətə qarşı səylərini artırıblar. Onların da Rusiyaya bağlı olması kiməsə sirr deyil. Ola bilər ki, onlar qəsdən o əski parçalarını tədbirdə qaldırıblar. İkinci ehtimal o ola bilər ki, İrəvan gərginləşən Rusiya-Azərbaycan münasibətlərindən maksimum yararlanmaq istəyir. Çünki ermənilərin marağındadır ki, Moskva-Bakı münasibətləri gərgin olsun. Hər halda, məhz Paşinyanın Rusiya səfərindən sonra bunların baş verməsi diqqət çəkir”.

Vidadi ORDAHALLI

Seçilən
9
baki-xeber.com

1Mənbələr