İyulun 24-də startı verilən XIV Qəbələ Beynəlxalq Musiqi Festivalında artıq son akkordlar çalınır. Proqrama uyğun olaraq, festivalın sonuncu günündə - iyulun 29-da Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə növbəti kamera konserti təqdim olunub. Kamera musiqisi axşamında Litvadan gəlmiş “Ciurlionis” kvarteti və Azərbaycanın Xalq artistləri - pianoçular Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə maraqlı konsert proqramı ilə çıxış ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsertdən əvvəl Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva çıxış edərək Mikaloyus Konstantinas Ciurlionisin yaradıcılığı barədə məlumat verib.
Bildirilib ki, M.K.Ciurlionis Litva xalqının görkəmli mədəniyyət xadimi, Litva professional musiqisinin banisi, çox istedadlı şair və rəssam olub. Cəmi 46 il ömür sürən bəstəkarın bütün yaradıcılığı axtarışlarda keçib. O, orqan, kamera musiqisi və orkestr üçün əsərlər yazıb. Eyni zamanda, 300-ə yaxın rəssamlıq əsərinin müəllifidir. O, Litva xalq mahnılarından, rəvayətlərindən bəhrələnərək özünün sanki fantaziya və reallıq arasında olan əsərlərini bəstələyib.
Kamera musiqisi axşamında Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadəni “Ciurlionis” kvartetinin üzvləri Yonas Tankeviçius (violin), Darius Diksaitis (violin), Yelena Daunyte (cello) və Gediminas Daçinskas (viola) müşayiət ediblər.
Konsertdə M.Ciurlionisin “Simli kvarteti do minor” (“Allegro moderato”, “Andante”, “Menuetto”), Y.Bramsın “Piano kvinteti fa minor, op.34”, R.Şumanın “Piano kvinteti mi bemol major, op.44” əsərləri ifa olunub.
XVIII əsrin məşhur italiyalı ustalarının hazırladıqları unikal musiqi alətlərində ifa edən Litvanın “Ciurlionis” kvartetinin virtuoz təqdimatı festivalın öz izləyicilərinə növbəti hədiyyəsi olub.
Axşam “Qafqaz Resort” otelindəki açıq səhnədə XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi və yekun konserti olacaq.