LƏNKƏRAN, 29 iyul. TELEQRAF
Lənkəranda zibillərin daşınmasında dövlət nömrə nişanı olmayan köhnə avtomobillərdən istifadə olunur.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, şəhərin məişət tullantılarının daşınmasında hələ də sovet dövründən qalmış, texniki cəhətdən köhnəlmiş "GAZ-53" markalı avtomobillərdən istifadə edilir. Sözügedən avtomobillər Lənkəran Şəhər Kommunal Müəssisələri Kombinatının balansında olsa da, onların üzərində dövlət qeydiyyat nişanları yoxdur.
İstismar müddəti başa çatmış və texniki baxışdan keçməyən bu avtomobillər avtomatik rejimdə çalışan “İ-Patrul” yol polisi avtomobillərinin cərimələrindən yayınmaq üçün nömrələrin açıldığı deyilir.
Qeyd edək ki, nasaz və ekoloji baxımdan təhlükəli vəziyyətdə olan bu yük avtomobilləri ilə bağlı sosial şəbəkələrdə vətəndaşlar tərəfindən dəfələrlə video və fotomateriallar paylaşılıb. Sakinlər bu vəziyyətin təhlükə yaratdığını və daha müasir nəqliyyat vasitələrinin istifadəyə verilməsinin vacibliyini vurğulayırlar.