AZ

Sanksiyalar Rusiyanın ən böyük avtomobil zavodunu çökdürdü...


Fuad İbrahimov:"Bir tərəfdən sanksiyalar, digər tərəfdən də rəqabət yönümlü siyasətin zəif olması, aydın məsələdir ki, buna təsir etmiş olur"

Rusiya avtomobil bazarında çətin vəziyyət yaranıb və vəziyyət get-gedə kritikləşib. Bu iqtisadi problem Qorki Avtomobil Zavodundan (QAZ) yan keçməyib. Qurumun mətbuat xidmətindən RİA Novosti agentliyinə gələn aydan etibarən "QAZ"-ın dördgünlük iş həftəsinə keçdiyi bildirilib.

Bu qərar “kommersiya nəqliyyat bazarının kritik tənəzzülü” ilə bağlıdır. Şirkətin mətbuat xidmətinin qeyd etdiyi kimi, Rusiyada cari ilin birinci yarısının nəticələrinə görə, orta tonnajlı yük maşınlarının satışı 40%, yüngül ticari avtomobillərin satışı 30%, avtobusların satışı isə 60% azalıb. "QAZ" bu növ nəqliyyat vasitələri üzrə ixtisaslaşmışdır.

Zavoddan qeyd edilib ki, hazırda vəziyyəti proqnozlaşdırmaq çətindir, ona görə də işçilərə “dördgünlük iş həftəsi”nin uzadıla biləcəyi barədə məlumat verilib. Sentyabr ayından etibarən "QAZ" -da iş rejimi “bazar amillərindən” asılı olaraq müəyyən ediləcək.

Bundan əvvəl "AvtoVAZ" da eyni səbəblərdən dördgünlük iş həftəsinə keçidin mümkünlüyünü etiraf etmişdi. Hər iki halda bütün bunlar istehsalın miqyasını saxlamaq və son məhsulun yüksək dərəcədə şişirdilmiş qiymətlərini aşağı salmaq əvəzinə baş verir. Şirkət rəhbərliyi baş verənlərə görə Rusiya Federasiyası Mərkəzi Bankını əsas faiz dərəcəsinin yüksək olması səbəbindən avtomobil kreditlərinin əlçatmazlığında günahlandırır.

Rusiyanın ən böyük avtomobil zavodu "QAZ" dörd günlük iş həftəsinə keçir. Söhbət ondan gedir ki, bazar yoxdur, artıq maşını sata bilmirlər. Bu böhran Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaların nəticəsi ola bilərmi?

"Rusiyada bu sahəni tənəzzül və iflic vəziyyət gözləyir"

İqtisadçı ekspert Fuad İbrahimov "Bakı-Xəbər"ə bildirdi ki, Rusiyada bu sahənin batmasını tətikləyən bir sıra amillər var: "Burda məsələ necədi? Bəli, aydın məsələdir ki, sanksiyalar Rusiya iqtisadiyyatını çökdürür. Bu gün süfrə arxasında oturub Rusiyanı çox "nəhəng" hesab edən adamlar var. Müasir dövrdə iqtisadiyyatın nə qədər təsir gücünə malik olduğunu bilməyən insanlar az deyil. Hər hansı bir "qüdrətdən" danışırlar, amma elə deyil.

Sovetlər birliyi dağıldıqdan sonra mərhələli şəkildə Rusiya iqtisadiyyatı Qərb iqtisadiyyatına inteqrasiya olundu. Yerli istehsal idxal amilindən o dərəcədə asılı idi ki, onun üzərində iki - üç nəsil böyüyüb. Bu, müasir sistemlərlə işləyən bir təbəqədir. Bu, yenidən onları geriyə çəkib yerli istehsalı idxal amilindən xilas edib yerli istehsalı yaratmaq sistemidir. Eyni zamanda Qərbdən tamamilə əl çəkmək mümkün deyil.

Bütün bunların hamısı, tətbiq edilən sanksiyalar iqtisadi yorğunluğa gətirib çıxarır. Bu da birmənalı şəkildə istehsalda öz əksini tapır. Bu bir yana qalsın, bir şeyi də nəzərə alaq ki, bu əsasən də maşınqayırma, nəqliyyat istehsalı ilə bağlıdır. Rusiyanın istehsal etdiyi nəqliyyat vasitələrinin keyfiyyəti də o dərəcədə deyil, müasir dövrün tələblərinə cavab vermir. Ən azından bölgədəki istehsalçılarla rəqabət apara bilmir. Bu gün dünya bazarlarında Çin avtomobil istehsalı elə bir yenilik gətirib ki, bütün dünyanın diqqəti ona yönəlib.

Fərqi yoxdur, sərnişin nəqliyyatı, minik avtomobili, ağır texnika nəqliyyatı olsun, hər bir istiqamətdə o qədər istehsal prosesi yaradıblar ki, rəqabət aparmaq mümkün deyil. Bu baxımdan, bir tərəfdən sanksiyalar, bir tərəfdən də rəqabət yönümlü siyasətin zəif olması, aydın məsələdir ki, buna təsir etmiş olur. Dolayı yolla desək, həm keyfiyyətinə, həm də sanksiyalara görə istehsal prosesində azalmalar baş verir.

Mərhələli şəkildə Rusiya özünün ən iri ticarət partnyorlarını da itirir".

F.İbrahimov qeyd etdi ki, onlar üçun ən yaxın olan MDB dövlətləridir, MDB dövlətləri ilə də münasibətləri tənzimləyə bilmirlər. "Nəticə etibarilə də ticarət partnyorlarını itirirlər. Bu da digər tərəfdən bir təzyiqdir. Bax, beləliklə uçuruma gedirlər. Rusiyada bu sahəni tənəzzül və iflic vəziyyət gözləyir"-deyə F. İbrahimov qeyd etdi.

İradə SARIYEVA

Seçilən
3
baki-xeber.com

1Mənbələr