Tanınmış yazıçı və publisist Aqşin Yenisey sosial şəbəkədə paylaşdığı fikirlərlə cəmiyyətdə geniş müzakirələrə səbəb olan “geyim əxlaq göstəricisi deyil” ifadəsinə münasibət bildirib.
Hakimiyyet.az xəbər verir ki, o bu fikri “boş çənələrdə dolaşan, heç bir mədəni, tarixi və sosioloji əsası olmayan deyim” adlandırıb. Yazıçıya görə, dünyanın bütün əxlaqi sistemlərində geyim əxlaqın ayrılmaz hissəsidir.
“Buddistlər, sufilər, rahiblər, islamçılar – bütün əxlaq təmsilçiləri geyimləri ilə bir-birindən seçilirlər. Hətta müasir dediyimiz geyimlər də əxlaqın müasir formalarıdır. Məsələ geyimin özü deyil, o geyimin altında gizlənmiş əxlaqdır”, – deyə Yenisey qeyd edib.
O, bildirib ki, geyimin mənşəyi məhz əxlaqla bağlıdır: “Əxlaq olmasaydı, bu istidə hamamdan lüt çıxıb, qurbağa kimi məhlədə hoppanardıq. Geyim birmənalı şəkildə əxlaqın göstəricisidir. Əlbəttə, kimsə əxlaqın özünü qəbul etməyə bilər”.
Yazıçı bu fikirləri ilə cəmiyyətdə geyim və əxlaq əlaqəsinə dair mövcud populist yanaşmaları tənqid edib.