Bildirçin yumurtası keyfiyyətli zülal, vitamin və minerallar baxımından olduqca zəngindir. Hətta bəzi qida maddələri baxımından toyuq yumurtasından üstündür.
E-saglam.az xəbər verir ki, diyetoloq Nikolay Miller bu yumurtaların necə seçilməsi, bişirilməsi və saxlanılması barədə vacib məqamları bölüşüb.
Mütəxəssis bildirir ki, yumurtaları alarkən qabığında tünd ləkələri olan, zədələnməmiş və təmiz olanlara üstünlük verilməlidir. Yumurtanın təzəliyini yoxlamaq üçün onu yüngülcə silkələyin – təzə yumurta içəridə hərəkət etməyəcək. Çiy halda olan bildirçin yumurtaları 0–8 °C temperaturda, soyuducuda bir aydan artıq saxlanılmamalıdır.
Yumurtaları qaynatmazdan əvvəl yumaq məsləhət deyil, çünki qabığın üzərindəki təbii qoruyucu qat zədələnə bilər. Bişirmə zamanı yumurtaların bir-birinə dəyərək çatlamaması üçün qalın dibli və qapaqlı qazan istifadə edilməlidir. Suya bir az duz əlavə etmək də çatlamanın qarşısını almağa kömək edir.
Yumurtaları soyuq suya qoyaraq qaynatmaq tövsiyə olunur. Su qaynayandan sonra aşağıdakı müddətlərə əməl etmək lazımdır:
Yumşaq bişmiş yumurta üçün: 1–1,5 dəqiqə
Yarı bərk: 3 dəqiqə
Bərk qaynadılmış üçün: 4 dəqiqə
Bişirmə bitdikdən sonra yumurtaları dərhal buzlu suya salmaq qabığını asanlıqla soymaq üçün faydalıdır. Bişmiş yumurtaları salatlara, şorbalara əlavə etmək və ya təkbaşına yemək olar. Qaynadılmış yumurtalar soyuducuda maksimum 3 gün saxlanmalıdır.
Tərcümə: Könül Oruc
E-saglam.az