Kürdəmir sakinləri ətrafa yayılan üfunətdən şikayətçidirlər.
Onlar Bakı-Qazax magistralının Kürdəmirdən keçən hissəsində səbəbi məlum olmayan pis qoxunun yayıldığını bildirirlər. Kimisi bu qoxunun spirt zavodundan yayıldığını, kimisi isə mənbəyinin bilinmədiyini bildirir.
Xezerxeber.az-ın məlumatına görə, rayonun Xırdapay kəndi ərazisində isə bu qoxu daha çox hiss olunur. Xüsusilə, isti və küləkli havalarda kəskin qoxu kilometrlərlə uzağa yayılır.
Həmin ərazidə yol boyu istirahət mərkəzləri yerləşir. Yayılan qoxu həmin obyektlərin də işinə mənfi təsir edir.
İddialarla bağlı üz tutduq qoxunun yayıldığı bildirilən spirt zavoduna. Ancaq qarşı tərəf iddiaları təkzib etdi.
Zavod rəsmisinin dediyindən belə çıxdı ki, problem ümumi Kürdəmir rayonunun kanalizasiya sistemi ilə bağlıdır. Kürdəmir Su Meliorasiya Sistemləri İdarəsi ilə də əlaqə saxladıq. Qurumdan bildirildi ki, həmin ərazidə ümumiyyətlə qurumun kollektor-drenaj sistemi yoxdur.
Sakinlər isə ümid edirlər ki, aidiyyəti qurumların müdaxiləsi ilə problem tezliklə həll olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.