ain.az, Bizimyol saytına istinadən bildirir.
Müasir dövrdə “çox işləmək” bir fəxr predmetinə çevrilib.
Sanki kim daha çox işləyirsə, o daha məsuliyyətli, daha məhsuldar və daha dəyərli insandır. Ancaq bu görünən tərəfdir. Görünməyən isə insanların tükənməsi, emosional sabitsizlik və artan aqressiyadır.
İş saatlarının çox olması insanın gündəlik ritmini pozur. Səhər tezdən yola düşmək, saatlarla işləmək, tıxaclarda vaxt itirmək və evə çatanda sadəcə yatmaq... Bu, həyat deyil, sadəcə yaşama cəhdidir. Bu cəhdin içində isə nə istirahət var, nə də özünü dinləmək fürsəti.
Bəs bu durum insanlarda hansı psixoloji fəsadlara yol açır?
İlk növbədə, gərginlik və yorğunluq beyin funksiyalarını zəiflədir. Uzunmüddətli yüklənmə zamanı insanın emosional tənzimlənməsi zəifləyir, o, daha əsəbi, daha dözümsüz olur. Ən sadə söhbət belə mübahisəyə çevrilə bilər. Ətrafdakılara qarşı qəzəb, iş yoldaşları ilə gərgin münasibətlər və ailədaxili münaqişələr bu psixoloji tarazlığın pozulmasının nəticəsidir.
Xüsusilə də istirahət günlərinin azlığı və ya qeyri-səmərəli keçirilməsi aqressivliyi artıran başlıca amillərdəndir. İnsan beyninə "dincəlmək vaxtıdır" siqnalı göndərilmədikcə, orqanizm “daimi döyüş rejimində” qalır. Belə şəraitdə isə kimsədən nə mehribanlıq, nə də səbir gözləmək mümkündür.
Daha bir ciddi məsələ də sosial həyatın məhdudlaşmasıdır. İnsanlar uzun iş saatları səbəbindən sevdikləri ilə vaxt keçirə bilmirlər. Bu da onların emosional ehtiyaclarını qarşılanmamış buraxır. Nəticədə, onlar özlərini tənha, dəyərsiz və əsəbi hiss etməyə başlayırlar.
Bütün bunların fonunda bir sual ortaya çıxır: Biz niyə çox işləyirik? Yaşamaq üçün, yoxsa sadəcə “çalışırmış kimi” görünmək üçün?
Əgər iş həyatının keyfiyyəti insan həyatının keyfiyyətini məhv edirsə, o zaman burada bir disbalans var. İş saatları azaldılmadan, istirahət hüququ təmin olunmadan və insanların psixoloji sağlamlığı qorunmadan sağlam cəmiyyət qurmaq mümkün deyil.
Qısacası, çox işləyən cəmiyyətlər sakit deyil, aqressiv cəmiyyətlərdir. Və bu aqressiya yalnız fərdləri deyil, bütöv sistemi zədələyir.
Leyla Mirzə
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.