AZ

Azərbaycan Ukraynaya qaz verdi, ruslar elektrik stansiyalarımızı vurmaqla hədələdi...


Məlum olduğu kimi, Ukraynanın “Naftoqaz Ukrainı” milli səhmdar cəmiyyəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə qaz alqı-satqısına dair ilk müqavilə imzalayıb. Məlumata görə, Bolqarıstan-Rumıniya-Ukrayna sərhədi marşrutu üzrə “Transbalkan” dəhlizi ilə ilk dəfə sınaq qaz təchizatı həyata keçirilir.

Naftoqaz” İdarə Heyətinin sədri Sergey Koretski məsələ ilə bağlı bildirib: “Bu, uzunmüddətli əməkdaşlığa yol açan kiçik, lakin strateji əhəmiyyətli addımdır. Həm də təchizat mənbələrinin şaxələndirilməsi və Ukraynanın enerji təhlükəsizliyinin gücləndirilməsinin daha bir nümunəsidir”.

Rusiyanın qaz infrastrukturunu atəşə tutması səbəbindən Ukrayna qaz hasilatını azaldıb. Bu il Ukrayna Avropadan böyük həcmdə qaz idxal etmək məcburiyyətində qalacaq. İyunda sabiq energetika naziri German Qaluşenko demişdi ki, Ukraynanın anbarlarına vurulacaq idxal qazının minimum həcmi 4,6 milyard kubmetrdir. İyuna olan məlumata görə, 2,9 milyard kubmetr “anbarlara vurulacaq dəqiq idxal olunan qaz” müqaviləsi bağlanıb. Bu müqavilələr maliyyə cəhətdən təsdiqlənir. Ukraynanın energetika naziri Svetlana Qrinçuk özünün “Facebook” səhifəsində sınaq qaz tədarükünün Bolqarıstan – Rumıniya – Ukrayna marşrutu ilə həyata keçirildiyini yazıb: “Tədarük həcmləri böyük olmasa da, bunun strateji əhəmiyyəti var, çünki dövlətlərimiz arasında uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq perspektivlərini açır. Bundan əlavə, bu, enerji təminatı mənbələrinin uğurla şaxələndirilməsinin daha bir aydın nümunəsidir”. Nazirin sözlərinə görə, “Transbalkan” boru kəməri Ukraynaya dünyanın müxtəlif yerlərindən Yunanıstan və Türkiyədəki terminallara daxil olan mayeləşdirilmiş qaza və “Transadriatik” qaz kəməri ilə nəql olunan Azərbaycan qazına çıxış imkanı verəcək. Xatırladaq ki, Ukrayna 2024-cü ilin sonlarında Rusiya ilə qaz tranziti sazişini uzatmayıb. Ukraynanın Energetika Nazirliyi bu qərarın milli təhlükəsizlik maraqları naminə qəbul edildiyini açıqlayıb. Onu da qeyd edək ki, 2025-ci ilin 6 ay ərzində Azərbaycanda 25,2 milyard kubmetr (2024-cü ilin 6 ayında 23,4 milyard kubmetr) təbii qaz hasil edilib. Qazın 6,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 13,8 milyard kubmetri “Şahdəniz”in, 0,8 milyard kubmetri “Abşeron” yatağının, 4 milyard kubmetrə yaxını isə SOCAR-ın payına düşüb. Bu dövrdə xaricə qaz satışı 12,1 milyard kubmetr təşkil edib. Bundan 6,1 milyard kubmetr Avropaya, 4,9 milyard kubmetr Türkiyəyə, 1,1 milyard kubmetr Gürcüstana satılıb. Azərbaycanın avqustun 1-dən Suriyaya da qaz nəql edəcəyi gözlənir. Azərbaycanda qaz istehlakına gəldikdə isə 2024-cü ildə bu rəqəm 13 milyard 666 milyon 353 min 138 kubmetr təşkil edib. Bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 226 milyon 652 min 169 kubmetr və ya 1,7 faiz çox olub.

Rəqəmlər ölkənin Ukraynaya da qaz satmaq imkanına malik olduğunu göstərir. Bu isə Rusiyanı özündən çıxarır. Azərbaycan qazının Ukraynaya tədarükünə başlamaq qərarını şərh edən Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin bəyan edib ki, “hətta ən kar və korlar” Azərbaycanın Rusiyanın maraqlarına qarşı düşmənçilik xətti tutduğunu hiss etməyə başlayıblar. Zatulin qeyd edib ki, Azərbaycanda bu cür addımları “çoxvektorlu siyasət” adlandırmaq olar, halbuki vektorların özləri son vaxtlar “Rusiyanın siyasətinə perpendikulyardır”. “Ukraynaya qaz tədarükü ilə bağlı qərar birmənalı olaraq, bildiyimiz kimi, Rusiya Federasiyası ilə müharibə aparan Ukraynaya dəstək məqsədi daşıyır”, - deyə parlamentar öz fikrini bildirib. Zatulin qeyd edib ki, eyni zamanda, respublika Rusiya ilə ikitərəfli münasibətlərdə fayda axtarmaqdan imtina etmir. Lakin onun fikrincə, bunlar Azərbaycan siyasətində ikinci dərəcəli amillərdir: “Əsas istək özünü Rusiyaya qarşı ən azı müttəfiq kimi aparan, rəqibləri və düşmənləri ilə münasibətlərdə heç bir şəkildə məhdudlaşdırmayan ölkə kimi göstərməkdir. Təəssüf ki, bunu hamı başa düşmür”. O , agentlikdə baş direktorun birinci müavini postunu tutan Mixail Qusmanı TASS-dan işdən çıxaran baş nazir Mixail Mişustinin yanaşmasına dəstək verməyə çağırıb: “Çünki əks halda, apardığımız informasiya siyasəti nəticəsində məlum olur ki, İrana qarşı təcavüzün başlanmasında kino xadimlərimizin İrandan çıxarılmasında Azərbaycanın çox böyük köməyi olub. Bunu hər yerdə hamıya çatdırıblar”. Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa isə qeyd edir ki, Ukrayna qazı ona sərfəli qiymətə satanlardan, o cümlədən Azərbaycandan alacaq. Deputatın sözlərinə görə, Ukrayna hakimiyyəti iqtisadi məqsədəuyğunluq prinsipi əsasında hərəkət edir və lazımi həcmdə yanacaq təklif etməyə hazır olan təchizatçılarla işləməyə məcburdur: “Onlar bizim qazımızı almırlar, çünki biz Ukraynaya qaz vermirik. Onlar isə haradan imkan varsa, haradan daha ucuzdur, haradan maye qaz və ya boru kəməri qazı ala bilərlər”. Rus hərbi bloqer Kirill Fedorov “Naftoqaz”la SOCAR arasında müqavilənin bağlanmasını şərh edərkən Azərbaycanın Rusiya üçün daha bir dost olmayan dövlətə çevrilib-çevrilməməsi sualını ritorik adlandırıb . “Two Majors” teleqram kanalı aydınlaşdırıb ki, Ukrayna daha əvvəl Yunanıstanda yenidən qazlaşdırılan “”Transbalkan marşrutu ilə Amerika maye qazını qəbul etməyi planlaşdırıb: “Azərbaycan rəhbərliyi Rusiya ilə münasibətləri qəsdən gərginləşdirməkdə davam edir”. “Two Majors”un hesabatında qeyd olunur ki, “SOCAR Energy Ukraine” Ukraynanın 11 regionunda 58 yanacaqdoldurma məntəqəsi, həmçinin dörd neft bazası (Kiyev, Odessa, Lvov və Xarkovda) və Odessada neft terminalı fəaliyyət göstərir. Bundan əlavə, Kiyev Bakıya öz yeraltı qaz anbarlarından beynəlxalq satış üçün istifadə etməyi təklif edib. İqtisadçı və politoloq Mixail Xazin isə iddia edir ki, Azərbaycan Rusiyaya dost olmayan addımlar atır: “Azərbaycan yenə bizə qarşı kobudluq edir - Rusiyada hamı soruşur ki, biz niyə susuruq. Yaxşı, Azərbaycanın İrana zərbə endirəcəyi, İranın isə borclu qalmayacağı artıq bəlli olduğu halda, Rusiya niyə səsini çıxarmalıdır? Azərbaycanın İrana qarşı mümkün intriqalarda iştirakının arxasında Qərbin iradəsini görmək olar. Azərbaycanda cəmi iki elektrik stansiyası var. Bunları asanlıqla sıradan çıxarmaq olar. Onda ölkə sadəcə olaraq 18-ci əsrdə olacaq”.

Nahid SALAYEV

Seçilən
24
baki-xeber.com

1Mənbələr