BAKI. 29 iyul. TELEQRAF
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksələn ilk komanda Qazaxıstan "Kayrat"ı olub.
Teleqraf xəbər verir ki, Almatı təmsilçisi II raundda Finlandiyanın Kuopio şəhərinin KuPS komandasını üstələyib.
İlk matçda 0:2 hesabı ilə uduzmuş "Kayrat" cavab görüşündə rəqibini darmadağın edib - 3:0. Bütün qollar ilk yarıda vurulub. Dastan Satpayev 9-cu dəqiqədə hesabı açıb. 29-cu dəqiqədə Jorjinyo ikinci, 44-cü dəqiqədə Valeri Qromıko üçüncü qolu vurub. 45+1-ci dəqiqədə isə Georgi Zariya qırmızı vərəqə alaraq, Qazaxıstan komandasını azlıqda qoyub. Lakin KuPS say üstünlüyündən yararlana bilməyib.
"Kayrat" Çempionlar Liqasının III təsnifat mərhələsində "Slovan Bratislava" (Slovakiya) - "Zrinski Mostar" (Bosniya və Herseqovina) görüşünün qalibi ilə üz-üzə gələcək.