AZ

Geri sayım başladı: 10 günə müharibə dayanmasa, Rusiyanı nə gözləyir? - ŞƏRH

ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı son açıqlamaları beynəlxalq gündəmdə rezonans doğurub. Tramp daha əvvəl Rusiyaya müharibəni dayandırmaq üçün verdiyi 50 günlük vaxtı 10 günə endirəcəyini bəyan edib.

Bu bəyanat yalnız Moskvaya deyil, eyni zamanda Rusiya ilə ticarət əlaqələri saxlayan ölkələrə də ciddi siqnal kimi dəyərləndirilir. Trampın sözlərinə görə, əgər 10 gün ərzində müharibə dayandırılmazsa, bu ölkələr ABŞ bazarına daxil olduqları zaman 100%-ə qədər tariflərlə üzləşə bilərlər.

Kreml isə bu ultimatumla bağlı yalnız qısa bir cavabla kifayətlənib: “Bu bəyanatı qeydə aldıq.”

Maraqlıdır görəsən, Kreml artıq Trampın bəyanatlarını ciddiyə almır, yoxsa deyəcək sözü yoxdur? 10 gündən sonra Tramp hansı addımları ata bilər? Turkustan.az olaraq bu suallarımızı politoloq Vəli Əlibəyova ünvanladıq.

Seçki

Vəli Əlibəyov

Trampın "10 gün" açıqlaması, bəli, əsasən Rusiyaya ünvanlansa da, əslində daha çox onun müttəfiqlərinə yönəlmiş bir mesaj idi. Burada əsas məsələ ABŞ-ın Rusiya ilə ticarət əlaqələrini davam etdirən ölkələrə qarşı 100%-ə qədər gömrük rüsumlarının tətbiq olunmasıdır.

Əgər 10 gün ərzində müharibə dayandırılmazsa, Trampın bəyanatına görə, Rusiya ilə ticarət əlaqələrini saxlayan dövlətlər — o cümlədən Çin, Hindistan, BƏƏ və digər ölkələr ABŞ bazarına daxil olduqları zaman yüksək tariflərlə qarşılaşacaqlar.

Bu isə həmin ölkələr üçün ciddi seçim dilemması yaradır: Rusiya bazarımı, yoxsa Amerika bazarımı? Reallıqda ABŞ bazarı daha cəlbedicidir. Məsələn, təkcə 2025-ci ilin ilk 6 ayı ərzində Çinlə ABŞ arasındakı ticarət dövriyyəsi 260 milyard dollara çatıb. Rusiya ilə isə bu göstərici illik olaraq 200 milyard dollardan çox deyil.

Kreml Trampın bu xəbərdarlığına cavab olaraq sadəcə “bu bəyanatı qeydə aldıq” dedi. Əslində, Kremlin bu açıqlamadan kənar deyəcək çox da sözü yox idi. Çünki Rusiya müharibəni öz şərtləri ilə başa çatdırmaq istəyir, lakin bu hələlik real görünmür. Hazırda Kreml Trampın "10 gün" ultimatumuna necə cavab verəcəyini götür-qoy edir.

Trampın bəyanatlarına gəlincə, onun istənilən anda mövqeyini dəyişməsi mümkündür. Əgər o, 50 günü 10 günə endirə bilibsə, sabah da bu müddəti 20 günə uzada bilər. Lakin istisna deyil ki, Tramp 10 günün sonunda dediklərini həyata keçirsin. Bu halda ABŞ-ın və onun liderinin beynəlxalq nüfuzu məsələsi ön plana çıxır. Tramp hazırda çıxılmaz vəziyyətdədir – əgər dediklərini yerinə yetirməsə, nüfuzu zərbə alacaq. Bu da yaxınlaşan Konqres və Senat seçkiləri fonunda onun üçün ciddi riskdir.

Gözlənilir ki, Trampın təklif etdiyi 100 faizlik tariflərdən sonra bəzi ölkələr Rusiya ilə açıq ticarəti dayandıracaq, bəziləri isə əlaqələri gizli şəkildə davam etdirməyə çalışacaq. Hər iki ssenaridə Rusiyanın iqtisadiyyatı ciddi şəkildə zərər görəcək və bu, qısa müddət ərzində özünü göstərə bilər.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
17
1
turkustan.az

2Mənbələr