AZ

"Fransa parlamentində qəbul olunan qətnamənin nə hüquqi çəkisi, nə də siyasi təsiri var" - Deputat

Milli Məclis Korsika Xalqına Dəstək Qrupunun Fransa Milli Assambleyasında irəli sürülmüş yeni qətnamə layihəsinə dair bəyanat yayıb. Bəyanatda bildirilir ki, Fransa Milli Assambleyasında irəli sürülmüş yeni qətnamə layihəsi reallıqları təhrif edir, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik göstərir və ölkəmizə qarşı əsassız ittihamlarla çıxış edir. Qeyd olunur ki, bu kimi addımlar Fransa və erməni lobisinin Cənubi Qafqazda sülh prosesinə müdaxilə cəhdidir. Bakı Təşəbbüs Qrupunun Yeni Kaledoniyaya dəstəyi də bu narahatlığın səbəblərindən biridir. Milli Məclis vurğulayıb ki, bu təxribatlar Azərbaycanın müstəqil siyasətinə təsir etməyəcək və ölkəmiz regiondakı sülh prosesini qətiyyətlə qoruyacaq.

Redaktor.az-a açıqlamasında millət vəkili Azər Allahverənov bildirdi ki, Azərbaycan artıq ikili standartlara, qərəzli və təhrif edilmiş mövqelər üzərində qurulan qərarlara, qətnamələrə tam anlamı ilə immunitet qazanmış ölkələrdən biridir:

"Əvvəllər bu tip sənədlər narahatlıq doğururdusa, bu gün biz artıq bu cür siyasi manipulyasiyalara qarşı yetərincə təcrübəli və soyuqqanlı yanaşan dövlət mövqeyi formalaşdırmışıq. Əvvəlcə qeyd etmək lazımdır ki, anti-Azərbaycan ritorikasını özündə ehtiva edən bu kimi qətnamələr artıq uzun müddətdir ki, müxtəlif Avropa strukturlarında, o cümlədən Fransa Milli Assambleyasında, Avropa Parlamentində, eləcə də Belçika və Hollandiya parlamentlərində gündəmə gətirilir. Bu sənədlərin əsas məqsədi beynəlxalq rəyə təsir göstərmək, Azərbaycanla bağlı ictimai fikri çaşdırmaq və ölkəmizi haqsız yerə ittiham etməkdir.

Fransa Milli Assambleyasında ermənipərəst qüvvələrin kifayət qədər güclü olması, onların lobbi fəaliyyəti və maliyyə dəstəyi ilə müxtəlif layihələr irəli sürməsi artıq heç kimə sirr deyil. Bu proseslərdə iştirak edən bəzi siyasi fiqurlar, xüsusilə erməni diasporu ilə sıx əlaqədə olan şəxslər, pul qarşılığında bu qətnamələri sifariş əsasında gündəmə gətirir, qəbul olunmasına çalışırlar. Bu, sadəcə informasiya müharibəsinin bir üsuludur.

Unutmayaq ki, Avropa Parlamentində qəbul edilən qətnamələrin hüquqi heç bir bağlayıcılığı yoxdur. Bu sənədlər səs çoxluğu ilə deyil, çox zaman bəlli dairələrin təşəbbüsü ilə ortaya çıxır və daha sonra informasiya məkanında “Avropa Azərbaycanı ittiham etdi” formasında tirajlanır".

Millət vəkili qeyd etdi ki, bu cür siyasi sənədlərin arxasında duran məqsəd beynəlxalq rəyə təsir etmək, Azərbaycanı haqsız yerə ittiham etmək və ölkəmizin imicinə xələl gətirməkdir. Onun sözlərinə görə, bütün bu səylərə baxmayaraq, bu cür qətnamələrin heç biri Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlığa real zərbə vura bilməz:

"Xüsusilə də enerji sahəsində əməkdaşlıq baxımından bu münasibətlər çoxşaxəli və davamlı inkişaf edən xarakter daşıyır. 2021-ci ildə imzalanan enerji üzrə strateji tərəfdaşlıq bəyannaməsi bu əməkdaşlığın təməl daşıdır. Həmin bəyannamədən sonra Azərbaycanın Avropaya ixrac etdiyi təbii qazın həcmi artaraq 8 milyard kubmetrdən 11 milyard kubmetrə çatıb. Hazırda 10-dan artıq Avropa dövləti Azərbaycan qazı hesabına öz enerji təhlükəsizliyini təmin edir.

Cənab Prezident İlham Əliyev bu ilin iyul ayında keçirilən III Qlobal Şuşa Media Forumunda xüsusi olaraq vurğuladı ki, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji əməkdaşlığı yalnız qaz təchizatı ilə məhdudlaşmır, bu, daha geniş strateji əməkdaşlıq modelidir. Avropa İttifaqı Azərbaycanın bu istiqamətdəki rolunu yüksək dəyərləndirir və bizi “etibarlı tərəfdaş” kimi tanıyır. Bütün bunların fonunda, Fransa Milli Assambleyasında və ya Avropa Parlamentində hansısa bir qrupun təşəbbüsü ilə qəbul olunan qətnamələrin nə hüquqi çəkisi, nə də siyasi təsiri ola bilər. Onlar daha çox informasiya müstəvisində manipulyativ xarakter daşıyır.

Təəssüf ki, bəzi Qərb dairələrində Azərbaycanofobiya, Türkofobiya və ümumilikdə İslamofobiya meylləri zaman-zaman güclənir. Bu düşüncələr üzərindən formalaşan siyasi narrativlər isə bəzi deputatlar, siyasi fiqurlar tərəfindən gündəmə gətirilir".

Deputat qeyd etdi ki, Azərbaycan bu gün yeni siyasi reallığın və konfiqurasiyanın mərkəzində duran bir dövlətdir.

"Biz təkcə enerji sahəsində yox, həm də nəqliyyat, logistika, Orta Dəhliz və Transxəzər layihələri çərçivəsində Şərqlə Qərbi birləşdirən əsas qovşaqlardan birinə çevrilmişik. Bu baxımdan, Azərbaycanın regional və qlobal miqyasda artan əhəmiyyəti qarşısında, lokallaşmış bəzi qətnamələrin heç bir çəkisi yoxdur. Əlbəttə, arzuolunandır ki, bu cür cəhdlər ümumiyyətlə olmasın. Amma reallıq ondan ibarətdir ki, hələ də bəzi Qərb institutlarında, parlamentlərində, anti-Azərbaycan dairələr fəaliyyət göstərməkdədir.

Yekunda isə belə qətnamələrin qəbulu sadəcə həmin qrupların öz sifarişçiləri qarşısında hesabat verməsi xarakteri daşıyır. Azərbaycanın inkişaf edən beynəlxalq nüfuzu, artan strateji əhəmiyyəti və etibarlı tərəfdaş obrazı isə bu kimi cılız cəhdlərin qarşısında dayanmaqla qalmır, onları tam fiaskoya uğradır", - deyə Azər Allahverənov bildirdi.

Xədicə BAXIŞLI

Seçilən
13
1
redaktor.az

2Mənbələr