"Gündəlik Bakı" qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Habil Vəliyevin barəsində çıxarılmış hökmə dair apellyasiya şikayətinə baxılıb.
Qaziler.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmündə dəyişiklik edilib. Habil Vəliyevin cəzası 1 il azaldılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Habil Vəliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.
O, hüquq-mühafizə orqanlarına vətəndaşdan daxil olan müraciət əsasında saxlanılıb.
Habil Vəliyev bir neçə nəfəri şantaj etməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (təkrarən hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Habil Vəliyev bundan əvvəl də eyni ittihamla 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.