AZ

Azərbaycanda KAZİNO SƏNAYESİ Turizm və iqtisadiyyat üçün yeni imkanlar ARAŞDIRMA

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunları təşkil ediləcək.

Milli.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Mülki, Cinayət, İnzibati Xətalar Məcəllələrinə, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Dövlət rüsumu haqqında", "Reklam haqqında", "Lisenziyalar və icazələr haqqında", "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" qanunlara dəyişiklikləri təsdiqləyib.

Bundan əlavə, Nazirlər Kabinetinə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, kazino oyunlarının təşkili və keçirilməsi ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Xaricə daşınan vəsaitlər

Məlum olduğu kimi, 25 ildən artıqdır ki, ölkəmizdə kazinoların fəaliyyəti dayandırılıb. Buna baxmayaraq, Azərbaycanda kazino həvəskarlarının sayı heç də az deyil. Ona görə də, ölkəmizdən xaricə qumar oynamaq üçün xeyli sayda insan gedir. Bu şəxslər özləri ilə birgə ölkədən xeyli vəsait də aparırlar.

Azərbaycanlı qumar həvəskarlarının əsas üz tutduğu ünvan isə Gürcüstandır. Məlumatlara görə, Gürcüstan kazinolarının əldə etdiyi gəlirlərin təxminən 20 faizi Azərbaycan vətəndaşlarının payına düşür. Bundan əlavə, Kipr və Monteneqro kazinolarına üz tutan azərbaycanlıların sayı da yetərincə çoxdur.

Digər tərəfdən, ölkəmizdə kazinoların olmaması bir çox qumar həvəskarlarını onlayn oyunlara sövq edir. Bu isə bəzi hallarda vətəndaşların dələduzların qurbanına çevrilməsinə gətirib çıxarır. Məsələnin digər narahatlıq doğuran tərəfi isə bu cür qumar oyunlarından çirkli pulların yuyulması üçün istifadə olunmasıdır.

Azərbaycanda kazinoların yaradılmasının iqtisadi perspektivləri

Qeyd olunan məqamları nəzərə alsaq, görərik ki, kazino sənayesinin yaradılması bir çox aspektlərdən böyük önəm daşıyır. Belə ki, kazinoların fəaliyyətə başlaması ölkəmizdən xaricə çıxarılan vəsaitlərin azalmasına səbəb olacaq, üstəlik iqtisadi inkişafa da təkan verəcək.

Nəticədə həm ölkəmizdən xarici ölkələrin kazinolarına axan milyonlar ölkəmizdə qalacaq, həm turizm sektoru inkişaf edəcək, həm də minlərlə yeni iş yerləri yaradılacaq.

Kazinoların turizmin digər sahələrinə təsirləri

Kazino turizminin üstün cəhəti ondan ibarətdir ki, o, müxtəlif ölkələrdən çoxlu sayda insanı cəlb edə və onları bir məkanda birləşdirə bilir. Kazinolar ətrafında sürətlə yeni infrastruktur formalaşır.

Kazinoların olduğu yerdə təkcə otellər və restoranlar deyil, digər turistik yerlər də inkişaf edir. Yerli restoranlar kazinodan gələn bir çox xarici qonaqları qarşılayır. Üstəlik, əcnəbilər yerli mətbəxi dadmaq imkanı qazanırlar. Bu, ölkədə turizmin inkişafına daha böyük töhfə verir. Beləcə kazino turizmin digər sahələrinin də inkişafına təkan verir.

Böyük biznes kimi kazinolar müxtəlif sahələrdə minlərlə iş yeri yaradır. Buraya təkcə qumar salonlarında birbaşa işləyən işçilər deyil, həm də otellərdə, restoranlarda, salonlarda çalışanlar, həmçinin marketinq mütəxəssisləri və təhlükəsizlik işçiləri daxildir. Ölkənin iqtisadiyyatı bu iş yerlərindən bəhrələnir, nəticədə gəlirlər artır və sosial infrastruktur yaxşılaşır.

Dövlət büdcəsi üçün əlavə gəlirlər

Azərbaycanda kazinoların açılması dövlət büdcəsinə əlavə vergi gəlirləri gətirə bilər. Qumar biznesi lisenziyalaşdırılıb, dövlətin tam nəzarəti altına alındıqdan sonra, həm lisenziya haqları, həm də dövriyyədən alınan vergilər vasitəsilə ciddi maliyyə vəsaiti toplamaq mümkündür. Bu vəsaitin bir hissəsi sosial layihələrin maliyyələşdirilməsinə, infrastrukturun yaxşılaşdırılmasına və digər prioritet sahələrin inkişafına yönəldilə bilər.

Məsələn, Böyük Britaniyada bu gəlir illik 20 milyard, İtaliyada 15 milyard, Niderlandda isə 4 milyard ABŞ dolları civarındadır. Kazinoların leqallaşdığı Gürcüstan (2001-ci ildən) illik 100-150 milyon, Rusiya (2009-cu ildən) isə 20-30 milyon dollar civarında vergi gəlirləri əldə edib. Oxşar model Azərbaycanda da tətbiq edilərsə, illik milyonlarla manat həcmində gəlir qazanmaq mümkündür.

Göründüyü kimi, ölkəmizdə qanuni çərçivədə kazinoların fəaliyyət göstərməsi iqtisadi cəhətdən mühüm əhəmiyyət təşkil edir. Belə ki, kazinoların yaradılması dövlət büdcəsinə əlavə vəsaitlərlərin cəlb olunması ilə yanaşı turizmin müxtəlif sektorlarının inkişafına da təkan verəcək. (Bizim.Media)Milli.Az

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
5
news.milli.az

6Mənbələr