İspaniyanın “Almeriya” klubunun 27 yaşlı kolumbiyalı mərkəz hücumçusu Luis Suares bundan sonra Lissabon “Sportinq”inin uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Sportinq”in rəsmi saytına istinadən məlumat verir.
Tərəflər 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Keçid Portuqaliya nəhənginə 22,2 milyon avro məbləğ müqabilində başa gəlib.
Luis Suares “İtaqüi Leones”in məzunudur. Hücumçu, karyerası ərzində “Qranda”nın “B” komandasında (icarə), “Uotford”da, “Valyadolid”in “B” komandasında (icarə), “Ximnastik Tarraqona”da (icarə), “Saraqosa”da (icarə), “Qranada”da, Marsel “Olimpik”ində və “Almeriya”da çıxıx edib.
Geridə qalmış mövsümdə Suares “Almeriya” üçün 43 oyun keçirib, 31 qol vurub və 8 məhsuldar ötürmə verib.
Suares 2020-ci ilin noyabr ayında debüt etdiyi Kolumbiya yığmasının heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 5 oyun keçirib.
Luis Suares futbolda heç bir qənimət qazanmayıb, fərdi uğurlara gəlincə isə İspaniya Sequndasının 2024/2025-ci illər mövsümündə 27 qolla ən sərrast qolçu olub.
“Transfermarkt” internet-portalı 27 yaşlı kolumbiyalı mərkəz hücumçusunun transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

