Bəzi tikinti şirkətləri internet provayderlər üçün texniki məhdudiyyətlər yaradırlar.
Xezerxeber.az-ın məlumatına görə, bunu əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.
O bildirib ki, yeni tikilən binalarda bəzi tikinti şirkətləri blok daxilində mənzillərə yalnız dörd lifli kabellər çəkirlər. Bu isə provayderlər üçün texniki məhdudiyyət yaradır və 100 Mbit/s üzərində sürətin təmin olunmasına imkan vermir. Halbuki 300, 500 və ya 1000 Mbit/s kimi yüksək sürətlər üçün ən azı səkkiz lifli kabellərin istifadəsi tələb olunur. Onun sözlərinə görə, MTK-lar bəzən müəyyən bir provayderlə xüsusi müqavilə bağlayır. Bu o deməkdir ki, bina daxilində yalnız həmin provayderə internet çəkilməsinə icazə verilir. Provayder MTK-ya bunun müqabilində müəyyən pul vəsaiti ödəyə, ya da infrastrukturu quraşdırmağı öz üzərinə götürə bilər. Bu, MTK üçün iqtisadi cəhətdən sərfəli olsa da, sakinlər üçün seçim azadlığını məhdudlaşdırır.
Ekspert Ramil Osmanlı hesab edir ki, bu vəziyyətə səbəb qanundakı boşluqlardır. MTK-lar haqqında qanuna görə, tikinti bitdikdən sonra onların fəaliyyəti dayanmalı, sakinlər özləri xidmət göstərən şirkət yaratmalıdırlar. Eyni zamanda mənzillərdə internet xəttinin çəkilməsi xidməti aidiyyəti qurumlar tərəfindən həyata keçirilməlidir.
Ekspertlər isə bildirirlər ki, bu vəziyyət istehlakçı hüququnun pozulmasıdır və buna görə də MTK-lar məsuliyyət daşıyırlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.