AZ

Sahibə Qafarova Parlament Sədrlərinin VI Dünya Konfransında çıxış edib - FOTO

İyulun 29-da Milli Məclisin sədri Sahibə Qafarova Cenevrəyə işgüzar səfəri çərçivəsində Parlament Sədrlərinin VI Dünya Konfransında iştirak edib.

Milli.Az xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclisin sədri konfransın parlamentlərarası əməkdaşlıq üçün gələcək gündəliyin müəyyən olunmasına kömək etdiyini bildirib.

Spiker Sahibə Qafarova təəssüflə qeyd edib ki, son konfransdan bəri dünya bir sıra mənfi dəyişikliklərə məruz qalıb. Əvvəlki konfransda əsas diqqət COVID-19 və onunla necə mübarizə aparılması məsələlərinə yönəlmişdisə, bu gün qlobal problemlərin sayı, mürəkkəbliyi daha da artıb və bu da təxirəsalınmaz və qətiyyətli tədbirlər görülməsini zəruri edir. Sahibə Qafarovanın sözlərinə görə, bir çox hallarda əlaqələndirilmiş cavabların olmaması problemlərin daha da pisləşməsinə səbəb olur. Nəticədə bugünkü dünya daha da parçalanıb, gərginliklər artıb, tərəqqi daha da azalıb. Bu narahatedici reallığın kökündə çoxtərəfliliyin əsasını təşkil edən səmərəli beynəlxalq əməkdaşlığın və həmrəyliyin aşınması dayanır. Biz yalnız kollektiv fəaliyyət və birgə məsuliyyət yolu ilə qlobal təhlükələrin öhdəsindən gələ biləcəyimiz anlayışından uzaqlaşırıq.

Milli Məclisin sədri çıxışında BMT-də islahatlar mövzusuna da toxunaraq bildirib ki, BMT-nin mərkəzində dayandığı güclü və inklüziv çoxtərəfli sistem bütün problemlərə real və uzunmüddətli həlləri təmin etmək imkanına malikdir. Bununla belə, BMT sistemində effektiv şəkildə islahatların aparılması ilə bağlı müzakirələr hələ də davam edir. Hər hansı islahat yalnız bəzi dövlətlərin deyil, bütün ölkə və xalqların səsinin eşidildiyi sistemin yaradılması ilə nəticələnməlidir. Beynəlxalq hüquq normaları və prinsipləri qorunmalı, ikili standartlar rədd edilməli, qəbul edilmiş qərarlar həyata keçirilməlidir. Yalnız bu şərtlər altında hamı üçün sülh, ədalət və rifahın təmin edilməsi məqsədlərinə nail olmaq mümkündür.

Parlament diplomatiyasının artan əhəmiyyətindən danışan spiker Sahibə Qafarova qeyd edib ki, parlamentlərimizin çoxtərəfliliyə və əməkdaşlığa sadiq olduğunu görmək məmnunluq doğurur. Parlamentlərarası İttifaqın işində, o cümlədən bu konfransda fəal iştirak ortaq baxışımızı və qətiyyətimizi əks etdirir.

Milli Məclisin sədri Parlamentlərarası İttifaqın BMT ilə sıx əməkdaşlığını və parlamentlərin səsinin qlobal müzakirələrdə eşidilməsi üçün göstərilən səyləri yüksək qiymətləndirib, bununla belə, daha çox işlərin görülməli olduğunu bildirib.

O qeyd edib ki, milli parlamentlər çoxtərəfli sistemin əsas iştirakçılarından birinə çevrilməlidir. Çünki istənilən uğursuzluq, ilk növbədə, xalqlarımıza təsir göstərir. Onların seçilmiş nümayəndələri olaraq, parlamentarilər çoxtərəfliliyin yenilənməsində birbaşa iştirak etməlidirlər.

Sahibə Qafarova bildirib ki, hamı üçün sülh, ədalət və rifahın təmin edilməsi yalnız təsisatlar və razılaşmalarla məhdudlaşmır. Bunun kökündə insanlar arasında etimad, inam və qarşılıqlı anlaşmanın yaradılması dayanır.

Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə başlanan "Bakı Prosesi"nin bir parçası olan "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu" BMT tərəfindən mədəniyyətlərarası dialoqun əsas qlobal platformalarından biri kimi tanınıb.

Spiker Sahibə Qafarova qeyd edib ki, ötən ilin mayında keçirilən bu Forumun VI sessiyası çərçivəsində Azərbaycan parlamenti tərəfindən Parlamentlərarası Konfrans təşkil olunub. Bu da qeyd olunan sahədə aparılan müzakirələrdə parlament perspektivini təmin edib.

Bunu nəzərə alaraq, Milli Məclisin sədri mədəniyyətlərarası dialoq mövzusunu Parlamentlərarası İttifaqın gələcək gündəliyinə və fəaliyyətinə daxil etməyi təklif edib.

Milli.Az
 

Məqaləyə dair fotomateriallar:

Seçilən
1
36
milli.az

10Mənbələr