Bakı, 30 iyul, AZƏRTAC
Azərbaycan Dövlət Turizm Agentliyi Qazaxıstan və Özbəkistanın aparıcı turizm şirkətlərinin nümayəndələri üçün tanışlıq səfəri təşkil edib.
AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, təşəbbüs ölkənin turizm potensialını təşviq etmək və Mərkəzi Asiyadan daha çox turist cəlb etmək məqsədi daşıyır.
Səfər zamanı Azərbaycanın turizm şirkətlərinin və mehmanxana biznesinin 60-dan çox nümayəndəsinin iştirak etdiyi B2B görüşləri keçirilib. Bu cür format bazar iştirakçıları arasında birbaşa əlaqə yaratmağa və birgə layihələrin inkişaf perspektivlərini müzakirə etməyə imkan verib.
Qazaxıstan və Özbəkistanın nümayəndələri bir neçə yerdə, o cümlədən Bakıda, Şamaxıda və Basqalda olublar. Səfər zamanı onlar Xəzər sahilində çimərlik tətili də daxil olmaqla, əsas turizm məhsulları, mehmanxana infrastrukturu və xidmətlər spektri ilə tanış olublar.
İdarənin məlumatına görə, 2025-ci ilin birinci yarısında Qazaxıstan və Özbəkistandan Azərbaycana gələn turistlərin sayı 68 min nəfəri keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz çoxdur. Hazırda Azərbaycanla iki ölkə arasında birbaşa aviareyslər təşkil olunub: uçuşlar Qazaxıstanın dörd, Özbəkistanın iki şəhərindən həyata keçirilir.
Ekspertlərin fikrincə, Qazaxıstan və Özbəkistanla işgüzar və mədəni mübadilələrin fəallaşması Azərbaycanın turizm sektorunun davamlı inkişafına və regional bazarda mövqeyinin möhkəmlənməsinə töhfə verir.