AZ

“Adımın o siyahıda hallanması qərəzlidir, təşkil olunub”

Hurriyyet portalından verilən məlumata əsasən, ain.az bildirir.

Regionun geopolitik mənzərəsində mərkəzçi rolunda çıxış edən Azərbaycan dövlətinin yaratdığı reallıqlar qərbdən şərqə, şimaldan cənuba doğru bu bölgədə marağı olan bütün qüvvələri narahat etməkdədir. Artıq Qərb dövlətlərinin, Şimal qonşumuzun narahatlığı təkcə ölkəmizə qarşı Fransada qəbul olunan açıq qərəzli qətnamə ilə deyil, həm də ölkənin ictimai-siyasi həyatında mühüm rola malik siyasətçilərin, ziyalı kəsimin “casus” ləkəsi ilə sıradan çxarılmasına, ən əsası daxili sabitliyin pozulmasına yönəlik cəhdlərlə diqqət çəkir. Qərbin, Avropa İttifaqının ölkə daxilində hansısa qruplardan istifadə edərək sabitliyi poza biləcəyi ilə bağlı ehtimallar bundan əvvəl də irəli sürülürdü. Lakin prosesin məhz ölkənin siyasi elitası üzərindən gerçəkləşəcəyi ehtimalı sabit deyildi. Görünən odur ki, Qərbin təsiri ilə “cəhənnəmə gedən” Rusiya öz yanında Azərbaycan siyasilərini, ziyalılarını da götürmək istəyir.

Xəbər verdiyimiz kimi, Day.az saytında iyulun 24-ü Mixail Qusmanın TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilməsi ilə paralel Rusiya hakimiyyətində anti-Azərbaycan əhval-ruhiyyəsinin artmasından da bəhs olunub. Bununla yanaşı, guya Azərbaycanda vəzifədən uzaqlaşdırılan Rusiya təsir şəbəkəsinə də toxunulub. Yazıda həmin şəbəkənin rəhbəri olan Ramiz Mehdiyevdən, eləcə də ordu rəhbəri olmuş Nəcməddin Sadıqovun, həmin dövr ərzində Əli Həsənov, Əbülfəs Qarayev, Elmar Məmmədyarov, Azad Rəhimov, Eldar Mahmudovun oxşar aqibətlə üzləşdiyi yazılıb. Eyni zamanda Milli Məclisin sabiq sədri Oqtay Əsədovun adı da diqqət çəkir. Eləcə də Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımovun vəzifəsindən azad edilməsi və bu kontekstdə keçmiş deputat Elşad Mirbəşirin adı da xüsusi vurğulanıb, onun Rusiya şəbəkəsinin maraqlarına xidmət etməsindən bəhs edilib. Hətta E.Mirbəşirin Rusiya FTX ilə əlaqələri üzə çıxdıqdan sonra ictimai arenadan və Sosial Tədqiqatlar Mərkəzindən uzaqlaşdırılmasından danışılıb. Guya Moskvanın Azərbaycana qarşı tutduğu radikal mövqe heç də rəsmi Bakının Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı deyil, Rusiya şəbəkəsinə qarşı həyata keçirilmiş tədbirlərdir.

Hafta.az məlum saytda ictimai-siyasi səhnədən uzaqlaşdırıldığı iddia edilən Elşad Mirbəşirin daim ictimaiyyət qarşısında açıq çıxışları ilə gündəmdə olduğunu nəzərə alaraq, məsələ ilə bağlı fikirlərini öyrəndi.

Professor barəsində səslənən iddiaların əksinə olaraq yenə də demokratik və məntiqli çıxışı ilə münasibətini bildirməkdən çəkinmədi. O, bu məlumatları absurd, əsassız ittihamlar adlandırmaqla yanaşı, xüsusi təşkil olunduğunu dedi:

“Hansısa şəbəkənin üzvü olmağımla bağlı yayılan məlumatlar tamamilə absurddur, qərəzlidir. Mən hər zaman açıq şəkildə Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış etmişəm. Bu mövqeyimi də belə əsaslandırmışam ki, Rusiya regionda kifayət qədər təsirli, güclü olan qonşumuzdur və Azərbaycan-Rusiya münasibətlərinin xarakteri bütövlükdə regionda çox təsirli amil rolunda çıxış edir. Bu mənim mövqeyimdir və hər zaman televiziya və saytlar vasitəsi ilə iki ölkə arasında münasibətlərin inkişafının tərəfdarı olmuşam. Məsələlərə kiminsə yandaşı kimi deyil, bir professor kimi yanaşmışam. Kimlərsə bunu bir alət kimi mənə qarşı yönəltməyə çalışırsa, deməli hansısa sifarişlə hərəkət edirlər.

Azərbaycanla Rusiyanın strateji müttəfiqlik sazişinin olmasını heç kəs unutmamalıdır. Mən hər zaman Rusiya ilə bağlı möveyimi onunla əsaslandırmışam ki, Azərbaycan bütün qonşu dövlətlərlə sülh, əməkdaşlıq şəraitində münasibətlər qurur. Bununla yanaşı, Rusiyada çoxsaylı soydaşımız yaşayır, orada həyatlarını, fəaliyyətlərini qurublar. Bundan başqa Rusiya Azərbaycanın ticarət tərəfdaşlarından biridir. Türkiyə və Avropa İttifaqından sonra bu əlaqələr 3-cü yerdə dayanır. Azərbaycan kənd təsərrüfatı məhsullarının realizə olunduğu yer Rusiya bazarıdır. Bütün hallarda iki ölkə arasında münasibətlərin yaxşı olması həm Rusiyanın, həm də Azərbaycanın maraqlarına cavab verir. İki ölkə arasında münasibətlərin korlanması bütövlükdə regiona yaxşı heç nə vəd etmir. Rusiya Azərbaycanı özünün etibarlı tərəfdaşı hesab edir. Həmişə hesab etmişəm ki, yalnız bərabərhüquqluluq prinsipi, milli maraqların qorunması çərçivəsində region ölkələri ilə konstruktiv münasibətlərə malik olmalı, əməkaşlığımızı inkişaf etdirməliyik. Hesab edirəm ki, bu, sağlam məntiqə söykənərək sərgilənən mövqedir. Bu mövqeyimi öz maraqları naminə ləkələyib dövlətə qarşı bir alət kimi istifadə etməyə çalışanların hansı oyunlar oynadığı bəllidir. Daxili sabitliyi pozmaq!”E.Mirbəşir qərb siyasi dairələrinin keçmiş sovet ölkələrini hər zaman özlərinin geosiyasi mübarizəsinin alətinə çevrməyə çalışdığını deyib:

“Bu reallıqıdır. Məsələn, Qərb Ukraynanın ərazi bütövlüyünü hər zaman dəstəkləyir, hərtərəfli yardım göstərir, milyardlarla maliyyə ayırır, silah-sursat, texnika ilə yardımlar göstərir. Amma bizim torpaqlarımız 30 il işğalda qalan zaman azad olunması üçün nə 1 dollar yardım göstərdi, nə də hərbi sahədə dəstək verildi. Əksinə, 1992-ci ildə işğala məruz qalan Azərbaycan olsa da, ölkəmizə qarşı 907-ci düzəliş qəbul edildi. Halbuki, bunu Ermənistana qarşı etmək lazım idi. Çünki Ermənistan Azərbaycan torpaqlarını işğal edirdi. Və 907-ci düzəliş qəbul olunanda Ermənistan Azərbaycan ərazisini işğal etməklə yanaşı bir neçə yaşayış məntəqəmizdə qanlı terror törətmişdi. Bütün bunlar göz qabağında idi, amma 907 ci düzəliş qəbul olundu. Sual olunur: Bir dövlətin ərazi bütövlüyü məsələsi vacibdir, digər dövlətinki vacib deyil? Deməli, ikili standartlar var və ayrı-ayrı xalqlar, dövlətlər geosiyasi ambissiyaların qurbanına çevrilib. Rusiya-Ukrayna müharibəsində də mövqeyim bu olub ki, Ukrayna dövləti bir resurs kimi istifadə olunur. Bugünkü reallıqlar bunu sübut edir”.

E.Mirbəşir qeyd edib ki, bu gün Azərbaycan qonşu dövlətlərlə sağlam, konstruktiv münasibətlər qurur. Ona görə də Azərbaycanı təhlükəsizlik adası adlandırırlar:“Dövlətimizin “təhlüksəzilik adası” olması dövlət başçımızın həyata keçirdiyi müdrik, praqmatik siyasətin nəticəsidir. Bundan sonra atılacaq addımların ölkəmizi dünyanın ən təhlükəsiz və sabit obrazını özündə saxlayacağına əminəm. Ona görə də haqqımda səsləndirlən iddiaları rədd edirəm, absurddur və qərəzlidir”.

E.Mirbəşir Milli Məclisdən guya uzaqlaşdırılması ilə bağlı yazılanları da gülünc saydı:

“Deputat mandatı heç kim üçün əbədi deyil. Sadəcə olaraq parlamentin səlahiyyət müddəti bitdi, növədənkənar parlament seçkiləri təyin olundu və namizədliyim irəli sürülmədi. Verilən qərara da hörmətlə yanaşıram. Ümumiyətlə, parlamentdə yeni simaların olmasına təqdirəlayiq yanaşıram. İctimai-siyasi həyatdan uzaqlaşdırılmağıma gəldikdə isə, bu ümumiyyətlə yalandır. Mən harda olursa olum, xalqıma, prezidentimə xidmət edəcəm. Məni belə ittihmlarla yolumdan çəkindirmək qeyri-mümkündür. Hər bir addımım, sərgilədiyim mövqe dövlətim, xalqım üçündür. Çünki dövlətimi də, xalqımın hər bir nümayəndəsini də sevirəm və onlar üçün fədakalığa hazıram. Sosial Tədqiqatlar Mərkəzindən ayrılmağıma gəlincə, buna onlar daha yaxşı aydınlıq gətirə bilər. Bütün hallarda adımın o siyahıda hallanması qərəzlidir, təşkil olunub”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
2
hurriyyet.az

3Mənbələr