Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.
Son vaxtlar vətəndaşlar “VOLT Azərbaycan”ın onlayn çatdırılma xidmətindən istifadə zamanı göstərilən qiymətlə ödəniş zamanı çıxan məbləğ arasında ciddi fərqlərin olduğunu bildirirlər.
Gununsesi.info-ya daxil olan məlumatlarda istifadəçilər iddia edirlər ki, ilkin göstərilən məbləğdən əlavə vəsait tutulur və bu, heç bir əsaslandırma olmadan baş verir. Hətta bəzi hallarda kartlarından izahat verilmədən müəyyən məbləğlərin çıxarıldığını deyənlər də var.
Görəsən niyə göstərilən qiymətlə ödənilən məbləğ arasında fərq yaranır?
İstifadəçilərin xəbəri olmadan kartdan vəsaitin çıxılması hansı qanunvericiliyə uyğundur?
Məsələ ilə əlaqədar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə əlaqə saxladıq.
Qurumdan sorğuya cavab olaraq bildirilib ki, “istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, satıcı istehlakçını maraqlandıran malın, işin, xidmətin qiyməti barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir.
Bildirilib ki, istehlakçılarla hesablaşmalar təqdim olunan (tətbiqdə göstərilən) qiymətlərə uyğun şəkildə aparılmalıdır:
“Ödəniş zamanı istehlakçıdan əvvəlcədən göstərilən məbləğdən fərqli vəsaitin tutulması istehlakçının hüquqlarının pozulması, yəni malın (xidmətin) qiyməti barədə istehlakçının aldadılması kimi qiymətləndirilir.
İstehlakçıların bu cür aldadılması hallarına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində məsuliyyət nəzərdə tutulmuşdur.
Qeyd olunan pozuntu halı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə daxil olan istehlakçı müraciətləri əsasında araşdırmalar aparılır və müraciətdə yetərli faktlar olduğu halda, qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülür”.
O da əlavə olaraq bildirilib ki, istehlakçıların razılığı olmadan onların kart hesablarından əlavə vəsaitin çıxılması halları ilə üzləşdikdə, aidiyyəti üzrə (Azərbaycan Respublikasının Mərkəzi Bankı) müraciət etmələri tövsiyə olunur:
“İstehlakçılar mal və xidmətlərin göstərilən qiymətləri ilə faktiki ödəniş zamanı tələb olunan məbləğ arasında uyğunsuzluq halları ilə qarşılaşdıqda, elektron poçt ([email protected]) və rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) vasitəsilə Agentliyə müraciət edə bilərlər”.
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan PR və marketinq mütəxəssisi Abbasəli Hüseynov bildirib ki, son dövrlərdə Azərbaycanda və beynəlxalq miqyasda çatdırılma xidmətlərindən – xüsusilə Volt kimi platformalardan istifadə edən alıcılar göstərilən qiymətlə ödəniş zamanı çıxan məbləğ arasında fərq olduğunu qeyd edirlər:
“Bu, ilk baxışda texniki və ya mexaniki bir məsələ kimi görünə bilər. Ancaq marketinq baxımından bu, brendin reputasiyasına və istifadəçi etimadına ciddi zərbədir.
İstifadəçi rəqəmlərlə aldanmaq istəmir. O, “aldadıldım” hissini yaşadığı anda bu, artıq qiymət deyil, etibar problemi olur. Müasir istehlakçı yalnız məhsul və ya xidmət almır – o, təcrübə alır. Bu təcrübə isə mənfi emosiyalarla müşayiət olunursa, rəqiblərin qazanması üçün hazır zəmin yaranır.
İkincisi, bu cür hallarda problem yalnız istifadəçi narazılığı deyil, sosial media effektidir. Sadə bir “story” on minlərlə insanın qərarına təsir edə bilər. PR baxımından bu, domino effekti yarada bilər – bir müştərinin narazılığı yüzlərlə potensial müştərinin seçimini dəyişə bilər.
Brendlər bu kimi hallara qarşı tam şəffaflıqla yanaşmalı, qiymət sistemindəki fərqləri aydın şəkildə izah etməli, texniki məsələləri “bağışlayın” deməklə yox, proaktiv izahlarla həll etməlidirlər.
Unutmaq olmaz: rəqəmlər dəyişə bilər, amma etibar bir dəfə itdi – geri qazanmaq on qat çətin olur”.
Şəbnəm Rəhimova
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.