AZ

Ana dilimiz babaların əmanəti, milli varlığımızın özülüdür

Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, ana dilinin zənginliyinin sübutudur. Dil hər bir xalqın maddi və qeyri-maddi irsinin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi istiqamətində ən güclü vasitələrdən biridir. Azərbaycan dili bizim üçün müqəddəs dildir, ömrümüzü mənalandıran, xəyallarımızı qanadlandıran, milli mənsubiyyətimizi və kimliyimizi təsdiq edən ən vacib amillərdəndir.

Xalqımızın digər sərvətləri kimi, əlifbası və dili də zaman-zaman yadelli işğalçıların təzyiqinə məruz qalıb. Lakin dilimizin zənginliyi və özünüqoruma gücü onun məhv olmasına imkan verməyib. Dilimizin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı isə məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan dilinin mövcud təhlükələrdən qorunması və gələcək nəsillər üçün mühafizə edilməsi istiqamətində Ulu öndərin misilsiz xidmətləri olub.“Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi və inkişaf etməsi bizim nailiyyətlərimizdən biridir. Bu təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir” – deyən dahi rəhbər ana dilimizin qorunması və inkişafı istiqamətində mühüm qərarlar qəbul edib.

1977-ci ildə SSRİ-nin yeni konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Heydər Əliyevin şəxsi təşəbbüsü, qətiyyəti, sarsılmaz iradəsi və ciddi səyləri nəticəsində 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi fəaliyyəti haqqında ayrıca maddə daxil edildi.

1993-cü ildə yenidən siyasi hakimiyyətə gələn Ulu öndər digər sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənənələrimizin, milliliyimizin inkişafı məsələsini diqqətdə saxlanılmasını ön plana çəkdi.“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”- söyləyən Ümummilli lider yürütdüyü dil siyasətində həmişə çalışırdı ki, gənc nəsildə bu cür nəcib hisslərin tərbiyə edilməsi ön planda olsun.

1995-ci ildə məhz Prezident Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi.

Ulu öndər Heydər Əliyev Azərbaycan əlifbası kimi, dilinin də hərtərəfli inkişafına, onun rəsmi dövlət dili statusu almasına, beynəlxalq münasibətlər sistemində dünya diplomatiyasına yol açmasına nail olmaqla bəyan etdi ki, ana dilinə sevgi və məsuliyyətlə yanaşmaq həm övladlıq, həm də vətəndaşlıq borcudur.

Ulu öndərin dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyətini nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” imzaladığı fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. Latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə bütövlükdə təmin edilməsi və yeni əlifbadan istifadə müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə oldu.

2001-ci il 9 avqust tarixli fərmana əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Ölkəmizin tarixində ilk dəfə ana dili və onun əlifbasının qeyd olunması üçün ayrıca günün təsis olunması müstəqil dövlətimizin ana dilinə nə qədər önəm verdiyini əks etdirən tarixi amildir.

Ümummilli lider Heydər Əliyevin sonrakı addımları da dilimizin inkişafı və zənginləşdiriliməsinə xidmət etdi. Bunun üçün dilçi alimlərin fəaliyyətini yaxından izləyən və onların qayğısına qalan Ulu öndər ana dilimizdə kitabların nəşrinə xüsusi diqqət ayırdı. Azərbaycan dili ilə bağlı vacib addımlardan biri də müstəqil Azərbaycan dövlətinin ana dilinə hərtərəfli qayğısının təcəssümü olaraq Prezident Heydər Əliyevin 2002-ci il sentyabrın 30-da imzaladığı “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu qanunda dövlət dilinin işlənməsi, inkişafı, saflığının qorunması, ədəbi dilin normalarına əməl edilməsi, ölkəmizdə dilçilik elminin nəzəri və tətbiqi sahələrinin inkişafına lazımi şəraitin yaradılması kimi məsələlər nəzərdə tutulub.

Ümummilli liderin ideyalarını bu gün layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. O, Ümummilli liderimizin həyata keçirdiyi ana dili siyasətini bu gün də uğurla davam etdirir.

Prezident İlham Əliyev tərəfindən “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ana dilinin həyatımızın bütün sahələrində tətbiqini gerçəkləşdirdi. Dövlət başçısının sərəncamları əsasında 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi.

“Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” sərəncam isə Azərbaycan Milli Ensiklopediyasının çoxcildli nəşrinin başlanılmasını təmin etdi. Prezident İlham Əliyevin dilimizin inkişafı və qorunması istiqamətindəki növbəti fəaliyyəti “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında”, “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamları, “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin qərarını ana dilinə dövlət qayğısının artırılması kimi dəyərləndirmək olar.

Dövlət başçısının “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkədə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Dil quruculuğu ilə bağlı olan bu sənəd Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan biridir.

Ölkə Prezidenti İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dilimizin başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək demişdir: “Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq”.

Ana dilimiz bizim keçmişimiz, bu günümüz və sabahımızdır. Keçmiş əcdadlarımızın ən dəyərli mirası, gələcək nəsillərin əmanətidir. Bu gün hər birimizdən Azərbaycan dilinə münasibətdə, dilimizin saflığının, milli varlığının qorunmasında vətəndaşlıq mövqeyi tələb olunur. Hər birimiz bir vətəndaş, bir insan, bir azərbaycanlı kimi tarix durduqca bu mirasımızın qayğısına qalmalı və dilimizi mükəmməl formada gələcək nəsillərə çatdırmalıyıq.

Gülxarə TARVERDİYEVA,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Seçilən
9
1
xalqqazeti.az

2Mənbələr