Hazırda Qazaxıstanda təxminən 4 minə yaxın türk şirkəti fəaliyyət göstərir. Onlarla birlikdə ümumi dəyəri 6 milyard ABŞ dollarını aşan bir sıra layihələr həyata keçirilib.
Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu layihələr enerji, tikinti, sənaye, kənd təsərrüfatı, infrastruktur, tibb, turizm və digər mühüm sahələri əhatə edir. Qazaxıstanın Türkiyəyə yatırdığı investisiyaların həcmi isə 2,5 milyard dollardan artıqdır:
O qeyd edib ki, Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır.
“Bu təşəbbüs hər iki ölkənin maraqlarına cavab verir. Qazaxıstan dəmir yollarını modernləşdirir, avtomobil yolları tikir və Xəzər dənizində gəmiçiliyin aktivləşdirilməsi üçün infrastruktur yenilənir. Biz türk sərmayədarlarını bu layihələrdə fəal iştiraka dəvət edirik. Hökumətimiz türk iş adamları üçün xüsusi güzəştlər təqdim etməyə hazırdır”, – deyə Tokayev bildirib.